Bugun.tv xəbər verir ki, Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” təşkil olunub. “Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyinin və “Bu gün TV Media Qurumu”nun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə reallaşan layihədə 20 Daun sindromlu yeniyetmə və 20 valideyn iştirak edib. Sosial layihə təbiətə sevgi, inklüzivlik və birlik duyğularını özündə birləşdirib. Festivalın təşkilində əsas məqsəd, ekoloji fəaliyyət, gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların istedadlarını üzə çıxarmaqdı.
Tədbirin ən maraqlı və yaddaqalan mərhələlərindən biri yeniyetmələrin quş evcikləri və heyvanlar üçün sığınacaqlar hazırlaması olub. Onlar evcikləri rəngləyərək Mərkəzi Nəbatat Bağına hədiyyə ediblər. Bu təşəbbüs uşaqlarda heyvanlara və quşlara qayğı, təbiətə sevgi, əməyə hörmət kimi dəyərlərin formalaşmasına xidmət edib.
Festivalın digər maraqlı və xüsusi diqqət çəkən proqramlarından biri isə yoqa təlimi olub. Yoqaçı Rinat Alimov Daun sindromlu yeniyetmələr üçün bir saatlıq xüsusi təlim keçib. Meditasiya musiqisinin müşayiəti ilə baş tutan yoqa iştirakçıların maraq və sevincinə səbəb olub. Bu proqram festivalın yalnız ekoloji deyil, həm də fiziki və emosional rifahı dəstəkləyən sosial layihə olduğunu nümayiş etdirib.
Tədbirin Bakı Şəhər İcra hakimiyyətinin dəstəyi ilə Mərkəzi Nəbatat Bağında təşkil olunması festivalın ideyası ilə uyğunluq təşkil edib. Payızın rəngləri, təbiətin füsunkar mənzərəsi və açıq havanın yaratdığı xoş atmosfer tədbirin ümumi ruhunu daha da zənginləşdirib.
Festivalda yaradıcılıq qabiliyyəti və xüsusi istedadı olan yeniyetmələr üçün şərait yaradılıb. Onların rəsm sərgisi ilə yanaşı, musiqi, rəqs və digər yaradıcı çıxışları tədbirin ən yaddaqalan məqamlarından olub. Gənclərin özünəməxsus enerjiləri və sevinc dolu anları iştirakçılara xoş ovqat bəxş edib.
Tədbirdə rəsmi qonaqlar da iştirak edib. Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək, belə sosial layihələrin gerçəkləşməsini yüksək qiymətləndirdiyini bildirib. Bunun yeniyetmələrin inkişafında mühüm rol oynadığına diqqət çəkib. Təşkilatçılara fəaliyyətlərində uğurlar arzulayıb.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin rəhbəri Məhluqə Rəhimova çıxışında vurğulayıb ki, sosial məsuliyyət yalnız maddi dəstəklə məhdudlaşmır.
Bəzən bir uşağın sevincinə şərik olmaq, onun bacarığına inanmaq, cəmiyyətə inteqrasiyasına şərait yaratmaq ən böyük dəstəkdir.
Əməkdar jurnalist, media eksperti Mətanət Ağamirli “Təbiətin Dostları Festivalı”nın əhəmiyyətindən danışıb. Layihədə yaxından iştirak edən valideynlərə və yeniyetmələrə uğurlar arzulayıb. Həssas qrupdan olan istedadlı gənclərin ekoloji fəaliyyətlərə cəlb olunmasını yüksək dəyərləndirib.
Daxili İşlər Nazirliyinin sabiq inspektoru Kəmalə Ələkbərova çıxış edib. O, xüsusi qayğıya ehtiyacı olan yeniyetmələrin cəmiyyətə inteqrasiyasında, onların sosial fəallığının artırılmasında və bərabər imkanlarla təmin olunmasında belə festivalların mühüm rol oynadığını vurğulayıb.
Sonra çıxış üçün “Təbiətin Dostları Festivalı”nın layihə rəhbəri, “Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyi ilə “Bu gün tv Media Qurumu”nun təsisçisi, Əməkdar jurnalist Elnarə Dərziyeva səhnəyə dəvət olunub. O, qonaqlara təşəkkürünü bildirdikdən sonra festivalın əsas tərəfdaşlarından olan UAFA Uşaqlara Dəstək təşkilatının Valideyn Birliyinin rəhbəri dəyərli Zəhra Xələfovaya tədbirin təşkilindəki roluna görə minnətdarlığını bildirib.
E.Dərziyeva festivalın gənc iştirakçılarının və valideynlərinin əməyini yüksək qiymətləndirirərək, başda Z.Xələfova olmaqla təşkilat adından hazırlanan sertifikatları onlara təqdim edib.
Sonra layihənin reallaşmasında tərəfdaş və dəstəkçilərin rolu qeyd olunub. Elnarə Dərziyeva festivalın əsas sponsorunun “Ziraat Bank Azərbaycan” olduğunu xüsusi vurğulayıb. Sözügedən şirkətin “Təbiətin Dostları Festivalı”na nümunəvi tərəfdaşlıq nümayiş etdirdiyini bildirib.
“Onların bu təşəbbüsə verdiyi dəstək yalnız maliyyə dəstəyi deyil, həm də uşaqların sevincinə, təbiətin qorunmasına və daha həssas, daha qayğıkeş cəmiyyət quruculuğuna verilən dəyərli töhfədir” – deyə, E.Dərziyeva əlavə edib.
Sonra “Ziraat Bank Azərbaycan”ın Marketinq və Kommunikasiya Departamentinin direktoru Aynur Mirzəyeva səhnəyə dəvət olunub. O, çıxış edərək, belə bir sosial layihədə tərəfdaş olmaqdan məmnunluqlarını ifa edib. “Ziraat Bank Azərbaycan” olaraq, cəmiyyətin rifahına, ekoloji düşüncənin formalaşmasına və həssas qruplardan olan uşaqların, yeniyetmə və gənclərin sosial həyatında fəal iştirakına töhfə verməyin korporativ sosial məsuliyyətdən doğduğunu vurğulayıb.
Sonra “Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyi və “Bu gün TV Media Qurumu” adından hazırlanan təşəkkürnamə A.Mirzəyevaya təqdim olunub.
Dadlı təamları ilə “Təbiətin Dostları Festivalı”na dəstək göstərən “Hacıbəy” restoranının rəhbər heyəti də tədbirdə iştirak edib. Restoranın rəhbəri Qumru Məmmədova və Fateh Əsmərə çıxış üçün söz verilib. Onlara festivala hər zaman tərəfdaş olacaqlarını xüsusi vurğulayıblar. Sonra hər iki şəxsə təşəkkürnamə təqdim olunub.
Festivala dəstək göstərən hər zövqə uyğun hədiyyə seçimləri ilə tanınan “Alo hədiyyələr” şirkətinin rəhbəri Rəvan Müşrəfanova və tədbir iştirakçılarına təqdim etdikləri hədiyyələrə görə, “İlğım” MMC-nin kollektivinə minnətdarlıq bildirilib, təşəkkürnamə verilib. Layihə çərçivəsində quş evciklərinin və heyvan sığınacaqlarının hazırlanmasında dəstək göstərən “Qardaşlar” mebel şirkətinə və “Ekosan” boya satışı mağazasına minnətdarlıq bildirilib.
Qeyd edək ki, “AzTekstil” şirkətinin festivala göstərdiyi diqqət və dəstək də bu gözəl təşəbbüsün həyata keçirilməsinə töhfə verib. Geyimlərin hazırlanmasında kömək olan şirkət təşkilat tərəfindən təşəkkürnaməyə layiq görülüb.
Sonra festivalın aparıcısı, “Bakısella” şirkətinin direktoru Fidan Orucəliyevaya söz verilib. O, belə bir sosial layihənin aparıcısı olmaqdan məmnunluğunu bildirib. Tədbirdə iştirak edən valideynlərə, gənclərə, layihə rəhbəri Elnarə Dərziyevaya uğurlar arzulayıb. Daha sonra yeni yaratdıqları və rəhbəri olduğu “Bakısella” şirkətinin fəaliyyəti haqqında ümumi məlumat verib. Fidan Orucəliyevanın tədbirdə iştirakı yüksək qiymətləndirilib. O, təşkilat tərəfindən təşəkkürnamə və sertifikatla mükafatlandırılıb.
“Təbiətin Dostları Festivalı”na dəstək göstərən digər özəl qurum və təşkilatlar – Hindistan Respublikasının Azərbaycandakı səfirliyinə, yoqa təlimçisi İlhamə Şirinovaya, maraqlı təlimi ilə festivala rəng qatan yoqaçı Rinat Alimova, Əlil Qadınlar Cəmiyyəti və Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai Birliyinə, “Günəş” reklam şirkətinə, “Snerjipro” və “Amper” MMC-yə, göstərdikləri dəstəyə görə minnətdarlıq bildirilib.
Gənclərin inkişafı, sağlam həyat tərzinin təşviqi və sosial təşəbbüslərin dəstəklənməsi dövlətimizin prioritet istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən layihələrdə Gənclər və İdman Nazirliyinin dəstəyi xüsusi əhəmiyyət daşıyır.
Təbiətin qorunması, ekoloji maarifləndirmə və inklüziv iştirakçılıq ideyalarını birləşdirən festivalımıza tərəfdaş olduğuna görə, Gənclər və İdman Nazirliyinə minnətdarlıq bildirilib. Nazirliyin Gənclərlə iş şöbəsinin aparıcı məsləhətçisi Zeynəddin Azaqova festivalın təşkilatçıları adından təşəkkürnamə təqdim olunub.
Sonra Mərkəzi Nəbatat Bağının direktor müavini Gülşən Cəfərova çıxış edərək, bu gündən etibarən təbiətin dostları elan olunan 40 nəfərlik iştirakçı heyəti – Daun sindromlu yeniyetmələrlə valideynləri təbrik edib. Təşkilatçılara uğurlar arzulayıb
Sonra Mərkəzi Nəbatat Bağının rəhbərliyi festivalda aktivlik nümayiş etdirən gəncləri də diqqətdə saxlayıb. Onlara hədiyyələr təqdim edib.
Layihənin rəhbəri Elnarə Dərziyeva tədbirin keçirilməsi üçün yaratdıqları şəraitə, eyni zamanda, iştirakçıların aktivliyinə və təşkilatçıların əməyinə verilən yüksək qiymətə görə, Gülşən Cəfərovaya və kollektivin digər üzvlərinə dərin minnətdarlığını bildirib. Mərkəzi Nəbatat Bağına təşəkkürnamə təqdim edib.
Tədbirin ərsəyə gəlməsində yaxından iştirak edən könüllülər də diqqətdən kənarda qalmayıb. Onlar da təbiətin qorunmasında, mühafizəsində göstərdikləri aktiv iştiraka görə, sertifikatla təltif olunublar.
Eyni zamanda, gəncləri şən mahnılarıyla təbrikə gələn, tədbirin nəğməli qonaqları – müğənni Aynur Qarabağlı ilə saz ifaçısı Orxan Cəfərov da könüllü dəstəyə görə mükafatlandırıblar.
Tədbirin təşkilatçısı Elnarə Dərziyeva layihə haqqında ümumi məlumat verib. O, bildirib ki, “Təbiətin Dostları Festivalı” 4 fəsli əhatə edən, təbiəti və sosial məsuliyyəti bir araya gətirən silsilə layihədir. Festivalın hər mərhələsində fərqli sosial qruplardan olan uşaqların, yeniyetmə və gənclərin iştirakı nəzərdə tutulur. Layihənin növbəti mərhələsinin qış fəslində, fevral ayında keçirilməsi planlaşdırılır.
““Təbiətin Dostları Festivalı” bir daha göstərdi ki, təbiəti qorumaq üçün hər kəsin edə biləcəyi bir yaxşılıq var. Bir quş evciyi hazırlamaq, bir heyvana sığınacaq yaratmaq, bir uşağın, gəncin sevincinə səbəb olmaq və ona özünü dəyərli hiss etdirmək – bütün bunlar daha gözəl dünyanın qurulmasına atılan addımlardır. Çünki təbiətə sevgi, mərhəmət və insanlıq bir araya gələndə daha sağlam, daha qayğıkeş və daha inklüziv cəmiyyət formalaşır. Şüarımızda da qeyd olunduğu kimi, “Yaşıl dünya, sağlam gələcək naminə”, gəlin, əlimizdən gələni əsirgəməyək” – deyə, E.Dərziyeva tədbiri bu fikirlərlə yekunlaşdırıb.




Şərh yazın