Zəfər Günü bizə yalnız qələbə sevincini xatırlatmır
Əlbəttə, bu Qələbənin əsas qəhrəmanları torpaqlarımız uğrunda canından keçən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz və döyüş meydanında böyük şücaət göstərən hərbçilərimizdir. Onların fədakarlığı heç vaxt unudulmayacaq. Bu gün azad edilmiş torpaqlarımızda həyatın yenidən qurulması, şəhər və kəndlərimizin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması məhz həmin qəhrəmanların bizə bəxş etdiyi Zəfərin nəticəsidir.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni yaşayış evləri, məktəblər, xəstəxanalar, yollar və digər infrastruktur obyektləri inşa edilir. Vaxtilə dağıdılmış yaşayış məntəqələrində yeni həyat başlayır. Uzun illər doğma yurdlarından uzaqda yaşayan ailələr mərhələli şəkildə öz evlərinə qayıdırlar. Bu proses Azərbaycanın yalnız torpaqlarını azad etmədiyini, eyni zamanda həmin ərazilərdə həyatın bərpası üçün böyük işlər gördüyünü nümayiş etdirir.
Bu gün Azərbaycan xalqı öz tarixinin ən qürurlu dövrlərindən birini yaşayır. Vaxtilə işğal altında olan torpaqlarımızda dövlət bayrağımız dalğalanır, dövlət qurumlarımız fəaliyyət göstərir, quruculuq işləri davam etdirilir. Bütün bunlar xalqımızın birliyinin, dövlətimizin gücünün və gələcəyə olan inamının göstəricisidir.
Zəfər Günü bizə yalnız qələbə sevincini xatırlatmır. Bu gün həm də şəhidlərimizin xatirəsini yad etmək, qazilərimizin fədakarlığını qiymətləndirmək, dövlətimizin müstəqilliyinin və suverenliyinin əhəmiyyətini daha dərindən anlamaq günüdür. Hər bir azərbaycanlı bilməlidir ki, bu Qələbə asan əldə edilməyib. Onun arxasında illərlə davam edən mübarizə, böyük zəhmət, xalqımızın iradəsi və minlərlə qəhrəmanın canı dayanır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfər ölkəmizin gələcək inkişafı üçün də möhkəm zəmin yaradıb. Bu gün əsas məqsəd azad edilmiş ərazilərimizi daha da inkişaf etdirmək, həmin torpaqlarda davamlı məskunlaşmanı təmin etmək, ölkəmizin iqtisadi və sosial imkanlarını genişləndirməkdir. Qarabağda və Şərqi Zəngəzurda görülən işlər Azərbaycanın gələcəyə inamla addımladığını göstərir.
Zəfər bizim üçün sadəcə bir tarix deyil. Zəfər milli qürurumuz, birliyimiz, gücümüz və müstəqilliyimizin rəmzidir. Bu qələbə bir daha sübut etdi ki, xalq və dövlət bir məqsəd ətrafında birləşdikdə qarşıya qoyulan ən çətin vəzifələri belə həyata keçirmək mümkündür.
Bu gün başımız dik, alnımız açıqdır. Çünki Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edib. Üçrəngli bayrağımız doğma torpaqlarımızda dalğalanır. Biz bu tarixi Qələbə ilə yalnız torpaqlarımızı azad etmədik, həm də gələcək nəsillərə güclü dövlət, qürurlu tarix və unudulmaz qəhrəmanlıq nümunəsi miras qoyduq.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Şərh yazın