Ali Baş Komandan Prezident cənab İlham Əliyev müharibə dövründə ölkə daxilində, beynəlxalq səviyyədə Azərbaycanın haqq mövqeyini müdafiə edirdi
Noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi. Həmin gün Azərbaycan xalqı böyük sevinc və qürur hissi yaşadı. İnsanlar küçələrə çıxaraq bayraqlarımızı dalğalandırdı, bir-birini təbrik etdi. Uzun illər davam edən torpaq həsrətinin sona çatmasına aparan bu xəbər hər bir ailədə bayram sevincinə çevrildi. Şuşanın azad edilməsi müharibənin gedişinə həlledici təsir göstərdi və tarixi Qələbəmizin əsasını təşkil edən hadisələrdən biri oldu.
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Beləliklə, 44 günlük Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatdı. Azərbaycan xalqı uzun illər gözlədiyi tarixi günə qovuşdu. 2020-ci il dekabrın 3-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan edildi. Həmin tarixdən etibarən hər il noyabrın 8-i ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunur.
Bu Qələbənin əldə edilməsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun gücü və xalqımızın birliyi mühüm rol oynadı. Müharibə dövründə ölkəmizdə dövlət-xalq-ordu birliyi özünü aydın şəkildə göstərdi. İnsanlar yaşından, peşəsindən və yaşadığı bölgədən asılı olmayaraq vahid məqsəd ətrafında birləşdi. Kimisi övladını cəbhəyə yola saldı, kimisi könüllü olaraq orduya kömək etdi, kimisi də öz fəaliyyəti ilə arxa cəbhədə dəstək göstərdi. Bütün Azərbaycan xalqı bir ürək, bir amal ətrafında birləşərək torpaqlarımızın azadlığına öz töhfəsini verdi.
Prezident cənab İlham Əliyev müharibə dövründə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycanın haqq mövqeyini müdafiə edirdi. Xarici mətbuat nümayəndələrinə verdiyi müsahibələrdə Azərbaycanın haqlı mübarizəsini, münaqişənin tarixini və ölkəmizin mövqeyini dünya ictimaiyyətinə çatdırırdı. Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən hərbi və siyasi fəaliyyət Qələbənin əldə olunmasında mühüm əhəmiyyət daşıdı.
Lakin Zəfər Günündən danışarkən bu tarixi Qələbənin hansı ağır itkilər hesabına qazanıldığını da unutmamalıyıq. Vətən müharibəsində yüzlərlə, minlərlə igid oğul və qızımız torpaqlarımızın azadlığı uğrunda canından keçdi. Onlar öz həyatlarını qurban verərək gələcək nəsillərə azad, bütöv və suveren Azərbaycan miras qoydular. Şəhidlərimizin hər birinin həyatı, göstərdiyi qəhrəmanlıq və Vətənə bağlılığı xalqımız üçün böyük örnəkdir.
Bu gün azad səma altında yaşamağımızı, doğma torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasını şəhidlərimizin fədakarlığına borcluyuq. Onların ailələrinə, valideynlərinə və övladlarına göstərilən diqqət və qayğı dövlətimizin və cəmiyyətimizin qarşısında duran mühüm vəzifələrdəndir. Şəhid ailələrinə hörmətlə yanaşmaq, qazilərimizin yanında olmaq, onların problemlərinin həllinə dəstək göstərmək hər birimizin mənəvi borcudur. Çünki bu Qələbənin arxasında böyük qəhrəmanlıq, fədakarlıq və ağır itkilər dayanır.
Fəxrət Məmmədəliyev – Təzəkənd kənd sakini, fəal gənc

Şərh yazın