Zəfər hər bir xalqın tarixində ən unudulmaz və qürurverici hadisələrdən biridir

Zəfər hər bir xalqın tarixində ən unudulmaz və qürurverici hadisələrdən biridir

Elə qələbələr var ki, illər, onilliklər keçsə də, xalqın yaddaşından silinmir. Çünki bu qələbələr böyük mübarizə, fədakarlıq və şəhidlərimizin qanı bahasına qazanılır. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə də məhz belə zəfərlərdən biridir. Bu gün xalqımız həmin qələbənin sevincini yaşayır, azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması ilə fəxr edir.

Azərbaycanın tarixində uzun illər xalqımızı narahat edən, milli qürurumuza ağır zərbə vuran hadisələr az olmayıb. Torpaqlarımızın işğala məruz qalması, yüz minlərlə insanın doğma yurd-yuvasından didərgin düşməsi, şəhidlərimizin və müharibə qurbanlarının verdiyi ağır itkilər xalqımızın yaddaşında dərin izlər buraxıb. Uzun illər məcburi köçkün həyatı yaşayan soydaşlarımız doğma evlərinə qayıtmaq arzusu ilə yaşayıb, torpaqlarımızın azad olunacağı günü gözləyiblər.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal edilmiş, ölkəmiz ağır siyasi, iqtisadi və humanitar problemlərlə üzləşmişdi. Bir milyondan artıq qaçqın və məcburi köçkünün yaşadığı çətinliklər, dağıdılmış şəhər və kəndlər, ailələrin doğma yurdlarından ayrı düşməsi bu faciənin miqyasını göstərirdi. Azərbaycan xalqı bütün bu çətinliklərə baxmayaraq, öz torpaqlarını heç vaxt unutmadı və onların azad olunacağına inamını itirmədi.

2003-cü ildə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişafında yeni mərhələ başladı. Sonrakı illərdə həyata keçirilən iqtisadi və siyasi islahatlar, ölkənin beynəlxalq əlaqələrinin genişləndirilməsi, ordu quruculuğuna göstərilən diqqət Azərbaycanın gücünün artmasına şərait yaratdı. Ölkəmizin iqtisadi imkanları genişləndi, müdafiə qabiliyyəti gücləndi, Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrildi.

Bununla yanaşı, Qarabağ münaqişəsi Azərbaycanın qarşısında duran ən mühüm məsələlərdən biri olaraq qalırdı. Prezident İlham Əliyev beynəlxalq tribunalardan etdiyi çıxışlarda Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini daim vurğulayırdı. Dövlət başçısı dəfələrlə bəyan edirdi ki, Azərbaycan xalqı torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Bu mövqe təkcə siyasi bəyanat deyil, ölkənin gələcək fəaliyyət istiqamətini müəyyən edən prinsipial qərar idi.

Həmin dövrdə Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılırdı. Müasir silah və texnikanın alınması, hərbi qulluqçuların peşəkarlığının artırılması, ordunun maddi-texniki təminatının yaxşılaşdırılması nəticəsində Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti yüksəldi. Bütün bunlar sonradan Vətən müharibəsində qazanılan Qələbənin mühüm əsaslarından oldu.

 

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Şərh yazın