Şuşanın azad olunması Vətən müharibəsinin ən mühüm hadisələrindən biri idi
Şuşa Azərbaycan xalqı üçün adi bir şəhər deyil. Bu şəhər tariximizin, milli-mənəvi dəyərlərimizin, zəngin mədəniyyətimizin və xalqımızın əyilməz ruhunun ayrılmaz hissəsidir. Əsrlər boyu Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi kimi tanınan Şuşa xalqımızın yaddaşında xüsusi yer tutub. Bu şəhərin hər küçəsi, hər daşı, hər tarixi abidəsi Azərbaycan xalqının keçmişindən, böyük şəxsiyyətlərindən və zəngin mədəni irsindən xəbər verir. Məhz buna görə də Şuşanın uzun illər işğal altında qalması hər bir azərbaycanlı üçün böyük ağrı və nisgil idi.
Uzun illər xalqımız Şuşaya qayıdacağı günü gözlədi. Bu inam heç vaxt itmədi. İnsanlar doğma torpaqların yenidən azad olunacağına, üçrəngli Azərbaycan bayrağının Şuşada dalğalanacağına inanırdılar. Həmin inam 2020-ci il noyabrın 8-də gerçəyə çevrildi. Azərbaycan Ordusunun qəhrəmanlığı və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Şuşa şəhəri işğaldan azad edildi. Bu hadisə xalqımızın həyatında böyük sevincə, tariximizin isə ən şanlı səhifələrindən birinə çevrildi.
Şuşanın azad olunması Vətən müharibəsinin ən mühüm hadisələrindən biri idi. Çünki şəhərin yerləşdiyi ərazi, dağlıq relyefi və mürəkkəb yollar hərbi əməliyyatların aparılmasını olduqca çətinləşdirirdi. Buna baxmayaraq, Azərbaycan əsgərləri böyük cəsarət, döyüş əzmi və peşəkarlıq göstərərək düşmənin müdafiəsini yarıb Şuşaya daxil oldular. Onlar silah və texnika ilə yanaşı, yüksək ruh, Vətən sevgisi və qələbə inamı ilə mübarizə aparırdılar. Şuşanın azad edilməsi bir daha göstərdi ki, Azərbaycan xalqının iradəsini heç bir qüvvə sındıra bilməz.
Həmin gün Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” sözləri hər bir azərbaycanlının qəlbində dərin iz buraxdı. Bu sözlər illərlə doğma yurd həsrəti ilə yaşayan insanların sevincinin ifadəsinə çevrildi. Şuşanın azad olunması ilə xalqımızın uzun illər davam edən həsrətinə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi addım atıldı. Bu Qələbə yalnız hərbi uğur deyildi. Bu, xalqımızın birliyinin, dövlətimizin gücünün, ordumuzun qüdrətinin və milli iradəmizin dünyaya nümayişi idi.
Şuşanın azad edilməsi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər daha böyük məna qazandı. Məhz buna görə də noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi qeyd edilir. Bu tarix xalqımızın yaddaşında heç vaxt unudulmayacaq. Çünki həmin gün Azərbaycan xalqı uzun illər arzuladığı qələbəyə qovuşdu, öz gücünü və birliyini bütün dünyaya göstərdi. Şuşanın azadlığı hər bir azərbaycanlıya doğma torpaqların qədrini, dövlət müstəqilliyinin və milli birliyin nə qədər vacib olduğunu bir daha xatırlatdı.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Şərh yazın