Bu gün 8 Noyabr tarixini qeyd edərkən yalnız qazanılmış Qələbəni deyil, həmin Qələbəyə aparan uzun və çətin yolu da xatırlayırıq
2020-ci il noyabrın 8-də qədim və tarixi Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycan tarixində yeni bir səhifə açdı. Bu xəbər bütün ölkədə böyük sevinc və qürur hissi ilə qarşılandı. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanlar üçün bu Qələbə sadəcə hərbi uğur deyildi. Bu, ata-baba yurdlarına qayıtmaq ümidinin gerçəkləşməsi, illərlə çəkilən həsrətin sona çatması və xalqımızın öz torpaqlarına sahib çıxmasının təsdiqi idi.
Bu gün 8 Noyabr tarixini qeyd edərkən yalnız qazanılmış Qələbəni deyil, həmin Qələbəyə aparan uzun və çətin yolu da xatırlayırıq. Çünki Azərbaycan bu uğura bir gündə nail olmayıb. Bunun arxasında illərlə aparılan dövlət siyasəti, ölkəmizin iqtisadi inkişafı, güclü ordunun yaradılması, xalqımızın birliyi, əsgər və zabitlərimizin fədakarlığı, şəhidlərimizin müqəddəs qanı dayanır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğal dövründə söylədiyi “Hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq” fikri də həmin illərdə qarşıya qoyulan məqsədi aydın şəkildə ifadə edirdi. Azərbaycan dövləti bütün istiqamətlərdə inkişaf etməklə, güclənməklə və öz mövqelərini möhkəmləndirməklə torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırırdı. Nəticədə xalqımız uzun illər gözlədiyi Zəfərə qovuşdu.
Azərbaycanın müasir tarixində ən ağrılı dövrlərdən biri Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları ilə başlayan və uzun illər davam edən münaqişədir. 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal edildi. Minlərlə insan öz doğma evini, həyətini, torpağını tərk etmək məcburiyyətində qaldı. Bir vaxtlar insanların yaşadığı, uşaqların məktəbə getdiyi, ailələrin öz gündəlik həyatını davam etdirdiyi şəhər və kəndlər dağıdıldı.
Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. İnsanlar illərlə başqa rayonlarda, şəhərlərdə, müvəqqəti yaşayış yerlərində məskunlaşaraq doğma yurdlarına qayıdacaqları günü gözlədilər. Onların bir çoxu ömrünün sonuna qədər ata-baba yurduna qayıtmaq arzusunu ürəyində yaşatdı.
İşğal nəticəsində yalnız yaşayış evləri və təsərrüfatlar deyil, məktəblər, xəstəxanalar, mədəniyyət evləri, tarixi abidələr, məscidlər və digər milli-mədəni irs nümunələri də dağıdıldı. Bir vaxtlar inkişaf edən yaşayış məntəqələri xarabalığa çevrildi. Qəbiristanlıqlar, tarixi binalar və xalqımızın keçmişini əks etdirən bir çox abidələr məhv edildi.
Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həll olunmasına çalışdı. Ölkəmiz beynəlxalq təşkilatlara müraciətlər etdi, danışıqlarda iştirak etdi və beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq torpaqlarımızın azad olunmasını tələb etdi. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, bu qərarların icrası təmin olunmadı.
ATƏT-in Minsk qrupunun uzun illər davam edən fəaliyyəti də münaqişənin həllinə gətirib çıxarmadı. Danışıqlar aparılır, müxtəlif görüşlər keçirilir, bəyanatlar səsləndirilirdi. Lakin işğal altında olan torpaqlarımız azad edilmirdi. Bu vəziyyət Azərbaycan xalqının haqlı narazılığına səbəb olurdu.
Fuad Eyvazov – Məmmədqasımlı kənd sakini, sahibkar

Şərh yazın