Şuşanı Azərbaycan üçün əvəzolunmaz edən əsas xüsusiyyətlərdən biri də onun zəngin mədəniyyət tarixidir
Bu şəhər uzun illər ərzində Azərbaycan musiqisinin, ədəbiyyatının, poeziyasının və incəsənətinin inkişafına böyük töhfələr verib. Şuşa torpağında yetişən görkəmli sənətkarlar Azərbaycan mədəniyyətini ölkə hüdudlarından kənarda da tanıdıblar. Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab və digər tanınmış şəxsiyyətlərin adı bu şəhərlə bağlıdır. Onların yaradıcılığı Azərbaycan xalqının mənəvi sərvətidir.
Şuşa həm də muğamımızın, xalq musiqimizin və poeziyamızın beşiyi hesab olunur. Burada keçirilən musiqi məclisləri, şeir gecələri və mədəni tədbirlər şəhərin sənət həyatında mühüm yer tutub. Şuşanın küçələrində səslənən muğam, şeir və musiqi xalqımızın mədəni yaddaşının bir hissəsinə çevrilib. Ona görə də şəhərin işğaldan azad olunması yalnız torpaqlarımızın geri qaytarılması deyil, həm də milli mədəniyyətimizin öz doğma ünvanına qayıtması demək idi.
İşğal dövründə Şuşada tarixi abidələrə, məscidlərə, qəbiristanlıqlara, muzeylərə və digər mədəniyyət nümunələrinə ciddi ziyan vurulmuşdu. Şəhərin tarixi görünüşü dəyişdirilməyə çalışılmış, Azərbaycan xalqının izlərini silmək üçün müxtəlif addımlar atılmışdı. Lakin bütün bunlar Şuşanın Azərbaycan xalqına məxsus olduğunu dəyişə bilmədi. Bu gün dövlətimizin əsas məqsədlərindən biri şəhərin tarixi simasını qorumaq, zədələnmiş abidələri bərpa etmək və gələcək nəsillərə sağlam vəziyyətdə çatdırmaqdır.
Şuşa azad edildikdən sonra burada genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Şəhərin yolları, küçələri, tarixi binaları, məscidləri və digər abidələri yenidən qurulur, müasir yaşayış və sosial infrastruktur yaradılır. Bu işlər həyata keçirilərkən Şuşanın tarixi memarlıq üslubunun qorunmasına xüsusi diqqət yetirilir. Məqsəd şəhəri yalnız əvvəlki vəziyyətinə qaytarmaq deyil, eyni zamanda onu müasir tələblərə cavab verən yaşayış, mədəniyyət və turizm mərkəzinə çevirməkdir.
Şuşanın Baş planı əsasında görülən işlər şəhərin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Yeni yolların salınması, yaşayış binalarının tikilməsi, sosial obyektlərin yaradılması və kommunal xidmətlərin yaxşılaşdırılması şəhərdə normal həyatın bərpasına xidmət edir. Zəfər yolunun çəkilməsi də bu baxımdan mühüm hadisələrdən biridir. Bu yol Şuşaya gedən nəqliyyat əlaqəsini asanlaşdırmaqla yanaşı, xalqımızın böyük Qələbəsinin rəmzlərindən birinə çevrilib.
Dövlət tərəfindən Şuşanın inkişafına göstərilən diqqət onun mədəni həyatının yenidən canlandırılmasında da özünü göstərir. Uzun illərdən sonra “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin yenidən Şuşada keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu tədbirlər şəhərin əvvəlki mədəni şöhrətinin bərpasına, Azərbaycan incəsənətinin təbliğinə və ölkəmizin beynəlxalq mədəni əlaqələrinin genişlənməsinə böyük töhfə verir.
Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc

Şərh yazın