8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində heç vaxt unudulmayacaq, hər zaman qürurla xatırlanacaq ən mühüm günlərdən biridir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində heç vaxt unudulmayacaq, hər zaman qürurla xatırlanacaq ən mühüm günlərdən biridir

 

Bu gün xalqımızın uzun illər ərzində ürəyində yaşatdığı torpaq həsrətinin sona çatdığı, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizənin Qələbə ilə nəticələndiyi tarixi gündür. Zəfər Günü təkcə bir hərbi qələbənin qeyd olunduğu tarix deyil. Bu gün həm də xalqımızın birliyinin, Vətən sevgisinin, milli iradəsinin, əsgər və zabitlərimizin qəhrəmanlığının, dövlətimizin gücünün nümayişidir.

Azərbaycan xalqı uzun illər torpaqlarımızın işğal altında qalmasının ağrısını yaşayıb. Minlərlə insan doğma evindən, yurdundan didərgin düşüb, ailələr öz ata-baba torpaqlarından uzaqda yaşamağa məcbur olub. İşğal altında qalan şəhər və kəndlərimiz dağıdılıb, tarixi abidələrimizə, məscidlərimizə və qəbiristanlıqlarımıza ciddi ziyan vurulub. Hər bir azərbaycanlının qəlbində bir arzu var idi: torpaqlarımızın azad edilməsi, doğma yurdlarımıza qayıtmaq və üçrəngli bayrağımızın bütün ərazilərimizdə dalğalanmasını görmək. Bu arzu illər boyu xalqımızın ümidini və mübarizə əzmini yaşadıb.

Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Bununla da xalqımızın tarixində xüsusi yer tutan 44 günlük Vətən müharibəsi başlandı. Azərbaycan əsgəri doğma torpaqlarımızı işğaldan azad etmək üçün döyüş meydanına atıldı. Ölkənin hər yerində insanlar bir amal ətrafında birləşdi. Cəbhəyə yollanan gənclərimiz, əsgər və zabitlərimiz Vətən uğrunda mübarizə aparmağı özlərinə ən böyük vəzifə hesab edirdilər.

44 gün davam edən müharibə Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Ordumuz qısa müddət ərzində düşmənin uzun illər ərzində qurduğu müdafiə mövqelərini yararaq irəlilədi. Bir-birinin ardınca kəndlərimiz, qəsəbələrimiz və şəhərlərimiz işğaldan azad edildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və digər yaşayış məntəqələrinin azad olunması xalqımıza böyük sevinc bəxş etdi. Hər bir azad edilən yaşayış məntəqəsi illərdir doğma torpaqlarından ayrı düşmüş insanların qəlbində yeni ümidlər yaratdı.

Bu müharibədə Azərbaycan əsgəri böyük cəsarət və fədakarlıq göstərdi. Onlar çətin döyüş şəraitində, mürəkkəb dağlıq ərazilərdə, düşmənin güclü müdafiə mövqelərinə qarşı mübarizə apararaq qarşılarına qoyulan vəzifələri yerinə yetirdilər. Hər bir əsgər yaxşı bilirdi ki, onun mübarizəsi yalnız bir torpaq parçası uğrunda deyil, bütöv bir xalqın gələcəyi, milli qüruru və dövlətimizin ərazi bütövlüyü uğrundadır.

Zəfər tariximizin ən unudulmaz və həlledici hadisəsi isə 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Şuşa Azərbaycan xalqı üçün sadəcə bir şəhər deyil. Bura milli mədəniyyətimizin, musiqimizin, ədəbiyyatımızın və tarixi yaddaşımızın mühüm mərkəzlərindən biridir. Qarabağın tacı hesab edilən Şuşanın azad edilməsi hər bir azərbaycanlının illərdir gözlədiyi ən böyük arzularından biri idi.

 

İman Əsədli – Dəkkəoba kənd sakini, fəal gənc

 

Şərh yazın