Azərbaycan dəfələrlə bəyan edib ki, regionda sülhün tərəfdarıdır

Azərbaycan dəfələrlə bəyan edib ki, regionda sülhün tərəfdarıdır

 

Azərbaycan torpaqlarını azad etdikdən sonra qarşıya qoyduğu əsas məqsədlərdən birini də regionda uzunmüddətli sülhün və sabitliyin yaradılması təşkil edir. Çünki müharibədən sonra əsas məsələ əldə olunmuş Qələbəni davamlı sülhə, qarşılıqlı əməkdaşlığa və iqtisadi inkişafa çevirməkdir.

Azərbaycan dəfələrlə bəyan edib ki, regionda sülhün tərəfdarıdır. Ölkəmiz hesab edir ki, gələcək münasibətlər qarşılıqlı hörmət, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüquq prinsipləri əsasında qurulmalıdır.

2025-ci il avqustun 7-8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüş və imzalanmış Birgə Bəyannamə bu istiqamətdə mühüm hadisə oldu. Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsinin paraflanması, eləcə də ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı razılaşmalar normallaşma prosesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Bu razılaşmaların həyata keçirilməsi regionda yeni iqtisadi imkanların yaranmasına şərait yarada bilər. Xüsusilə nəqliyyat yollarının açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi həm ölkəmiz, həm də bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır.

Zəngəzur istiqamətində nəqliyyat əlaqələrinin yaradılması Azərbaycanın iqtisadi və strateji imkanlarını genişləndirəcək. Bu yol vasitəsilə insanların, yüklərin və məhsulların daha rahat hərəkəti mümkün olacaq, yeni ticarət əlaqələri yaranacaq və region ölkələri arasında əməkdaşlıq üçün əlavə imkanlar açılacaq.

Əsas məsələ ondan ibarətdir ki, regionda sülh yalnız sənədlərdə deyil, real həyatda da təmin olunsun. İnsanlar müharibə təhlükəsindən uzaq yaşasın, ölkələr arasında normal münasibətlər qurulsun və gələcək nəsillər sabit şəraitdə böyüsün.

Zəfərdən sonra Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmasının təmin edilməsi oldu.

Uzun illər doğma torpaqlarından ayrı yaşayan insanların öz evlərinə qayıtması üçün ilk növbədə həmin ərazilərdə normal yaşayış şəraiti yaradılmalı idi. Dağıdılmış evlər, məktəblər, xəstəxanalar, yollar və digər infrastruktur obyektləri yenidən tikilməli, elektrik, su, qaz və rabitə təminatı bərpa olunmalı idi.

Prezident İlham Əliyevin 2022-ci il noyabrın 16-da imzaladığı Sərəncamla təsdiq edilən Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı bu istiqamətdə görülən işlərin əsasını təşkil etdi.

Proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı tikinti və bərpa işlərinə başlanıldı. Yeni yaşayış məhəllələri salındı, müasir məktəblər, xəstəxanalar, inzibati binalar, sosial obyektlər və digər infrastruktur müəssisələri tikildi.

Rəsmi statistikaya əsasən, indiyədək işğaldan azad edilmiş ərazilərdə bərpa olunan yaşayış məntəqələrinə 10 mindən çox ailə, ümumilikdə 41 mindən artıq insan köçürülüb. Təxminən 50 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Bu rəqəmlərin arxasında minlərlə ailənin sevincini görmək mümkündür. Uzun illər başqa yerlərdə yaşayan insanlar artıq öz doğma kənd və şəhərlərində yeni həyata başlayırlar. Bir vaxtlar yalnız xatirələrdə yaşatdıqları küçələrə, evlərə və torpaqlara qayıdırlar.

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim

Şərh yazın