Azad edilmiş ərazilərdə kənd təsərrüfatının, sənayenin, turizmin və digər iqtisadi sahələrin inkişafı üçün də geniş imkanlar yaradılır
Zəfərdən sonra qarşıda duran ən böyük vəzifələrdən biri də işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və insanların öz doğma yurdlarına qaytarılmasıdır. Uzun illər ərzində dağıdılmış şəhər və kəndlərimizdə genişmiqyaslı bərpa işləri aparılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni yollar, tunellər, körpülər, elektrik və su təsərrüfatı obyektləri, yaşayış binaları, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilir.
Bu ərazilərdə həyata keçirilən quruculuq işləri Azərbaycanın gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır. Vaxtilə dağıdılmış və yaşayış üçün yararsız vəziyyətə salınmış şəhər və kəndlərimiz yenidən qurulur, müasir infrastruktura malik yaşayış məntəqələri yaradılır. Füzuli, Zəngilan, Laçın, Şuşa, Cəbrayıl və digər ərazilərdə aparılan işlər nəticəsində həyat tədricən öz axarına qayıdır.
Xüsusilə Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması tarixi Qələbəmizin davamı hesab oluna bilər. Uzun illər başqa bölgələrdə yaşayan insanlar bu gün öz ata-baba yurdlarına dönür, yeni evlərində məskunlaşır, övladlarını doğma torpaqlarda böyütmək imkanı əldə edirlər. Bu, yalnız insanların yaşayış yerini dəyişməsi deyil, həm də illərdir davam edən ayrılığın sona çatması, ailələrin öz köklərinə qovuşması deməkdir.
Azad edilmiş ərazilərdə kənd təsərrüfatının, sənayenin, turizmin və digər iqtisadi sahələrin inkişafı üçün də geniş imkanlar yaradılır. Yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı, müasir yaşayış və istehsal infrastrukturunun qurulması həmin bölgələrin iqtisadi həyatına yeni nəfəs verir. Məqsəd Qarabağ və Şərqi Zəngəzuru ölkəmizin inkişaf etmiş bölgələrindən birinə çevirmək, burada dayanıqlı yaşayışı və iqtisadi fəallığı təmin etməkdir.
Zəfər Gününün əhəmiyyəti yalnız keçmişdə qazandığımız Qələbəni xatırlamaqla məhdudlaşmır. Bu tarix həm də bugünkü və gələcək nəsillərə böyük bir mesaj verir. Bizə göstərir ki, xalq öz milli dəyərlərinə bağlı olduqda, dövlət və cəmiyyət vahid məqsəd ətrafında birləşdikdə qarşıya qoyulan ən çətin vəzifələrin öhdəsindən gəlmək mümkündür. Vətənə sevgi yalnız sözlə deyil, əməllə, məsuliyyətlə və ölkənin inkişafına verilən töhfə ilə ifadə olunmalıdır.
Bu gün hər bir Azərbaycan vətəndaşı Zəfər tariximizin qorunmasında və gələcək nəsillərə çatdırılmasında məsuliyyət daşıyır. Məktəblərdə, təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və ictimai tədbirlərdə Vətən müharibəsinin tarixi, şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin şücaəti haqqında gənc nəslə ətraflı məlumat verilməlidir. Çünki bu gün azad və bütöv Azərbaycanda böyüyən uşaqlar bilməlidirlər ki, ölkəmizin əldə etdiyi bu tarixi nailiyyət asanlıqla qazanılmayıb. Onun arxasında böyük zəhmət, mübarizə, fədakarlıq və canından keçən qəhrəmanlarımız dayanır.
Elmir Rəhimov – Zərdab şəhər sakini, fəal gənc

Şərh yazın