Şuşa bu gün beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən biridir

Şuşa bu gün beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən biridir

Şuşanın azad edilməsi ilə Azərbaycan beynəlxalq aləmdə də öz mövqelərini daha da möhkəmləndirdi. Şəhər qısa müddətdə mühüm siyasi və diplomatik tədbirlərin keçirildiyi məkana çevrildi. 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşa Bəyannaməsinin imzalanması bunun ən mühüm nümunələrindən biridir.

Bu sənəd Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq və müttəfiqlik münasibətlərini daha da gücləndirdi. Şuşada belə mühüm sənədin imzalanması şəhərin həm tarixi, həm də siyasi baxımdan nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi.

Sonrakı illərdə bir sıra dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ictimai-siyasi xadimlər Şuşaya səfərlər etdilər. Belarus, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Slovakiya və digər ölkələrin yüksək səviyyəli nümayəndələrinin şəhərə səfərləri Şuşanın beynəlxalq tanınmasına mühüm töhfə verdi. Bu səfərlər həm də Azərbaycanın Qarabağda yaratdığı yeni reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir.

Şuşa bu gün beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən biridir. Burada təşkil olunan Şuşa Qlobal Media Forumu, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər tədbirlər şəhərin mədəni və ictimai həyatına yeni nəfəs gətirir. Müxtəlif ölkələrdən gələn qonaqlar Şuşanın tarixi ilə tanış olur, Azərbaycanın zəngin mədəniyyətini yaxından görürlər.

Şuşanın beynəlxalq səviyyədə əldə etdiyi adlar da şəhərin artan nüfuzunun göstəricisidir. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İSESCO tərəfindən 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi bu baxımdan mühüm hadisələrdir.

Bundan əlavə, Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qərarı ilə 2026-cı il üçün təşkilatın turizm paytaxtı seçilib. Bu münasibətlə 2026-cı ilin aprel ayında şəhərdə rəsmi açılış mərasimi, İƏT Turizm Nazirlərinin 7-ci görüşü və Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun iclası keçirilib. Bu tədbirlər Şuşanın turizm imkanlarının beynəlxalq səviyyədə tanıdılmasına, şəhərə xarici qonaqların marağının artmasına və ölkəmizin turizm potensialının nümayişinə xidmət edir.

Şuşanın turizm baxımından böyük imkanları var. Şəhərin təmiz havası, gözəl təbiəti, tarixi abidələri, qədim küçələri, musiqi və ədəbiyyatla bağlı zəngin irsi burada turizmin inkişafı üçün geniş imkanlar yaradır. Gələcəkdə Şuşanın həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlardan birinə çevrilməsi üçün mühüm işlər görülür.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

Şərh yazın