Qarabağ Zəfərinə aparan yolun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur
Azərbaycan xalqının tarixində əbədi yaşayacaq Qarabağ Zəfəri təsadüfi və qısa müddətdə əldə edilmiş uğur deyil. Bu möhtəşəm Qələbə uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, iqtisadi inkişafın, güclü ordu quruculuğunun, diplomatik mübarizənin və xalqımızın sarsılmaz iradəsinin məntiqi nəticəsidir. Bu tarixi Zəfərə aparan yolun təməli isə hələ Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu.
1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə Azərbaycan dövlətçiliyini ciddi təhlükələrdən xilas etdi, ölkədə siyasi sabitliyi təmin etdi və müstəqil dövlətin möhkəm təməllərini yaratdı. Həmin dövrdə həyata keçirilən iqtisadi, siyasi və hərbi islahatlar Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmlənməsində, beynəlxalq nüfuzunun artmasında və gələcək iqtisadi qüdrətinin formalaşmasında mühüm rol oynadı. Ulu Öndər Qarabağ probleminin həllini Azərbaycanın əsas milli prioritetlərindən biri kimi müəyyənləşdirərək ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdi. 2003-cü ildən etibarən Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı yeni inkişaf mərhələsinə yüksəltdi. Ölkədə aparılan genişmiqyaslı iqtisadi islahatlar, regionların inkişafı, enerji və nəqliyyat layihələrinin reallaşdırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrildi. Bununla paralel olaraq ordu quruculuğu daim diqqət mərkəzində saxlanıldı. Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirildi, müasir silah və texnika ilə təchizatı təmin edildi, hərbi qulluqçuların peşəkarlığı və döyüş hazırlığı yüksəldildi.
Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan həm iqtisadi, həm hərbi, həm də diplomatik baxımdan böyük güc qazandı. Bu güc 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində özünün tarixi təzahürünü tapdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Xüsusilə noyabrın 8-də Şuşanın azad olunması xalqımızın hərb tarixinə qızıl hərflərlə yazıldı. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla Azərbaycanın böyük hərbi-siyasi Qələbəsi rəsmiləşdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin bütün ərazisində tam bərpa edilməsi Qarabağ Zəfərinin tarixi məntiqi davamı oldu. Bununla Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edən qüdrətli dövlət olduğunu bir daha nümayiş etdirdi. Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni şəhər və kəndlər salınır, müasir yollar, hava limanları, məktəblər, xəstəxanalar və digər infrastruktur obyektləri inşa edilir. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Bütün bunlar Azərbaycanın Qələbədən sonra quruculuq və inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Qarabağ Zəfərinin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı, Azərbaycan əsgərinin şücaəti, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti dayanır. Bu Qələbə bir daha sübut etdi ki, güclü dövlət, güclü ordu və milli birlik hər bir xalqın ən böyük dayağıdır. Qarabağ Zəfəri Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji dövlətçilik xəttinin və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsinin tarixi nəticəsidir. Ulu Öndərin yaratdığı möhkəm təməl üzərində Prezident İlham Əliyev dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi potensiala malik qüdrətli Azərbaycan dövlətini qurdu. Bu gün Qarabağda dalğalanan üçrəngli bayrağımız xalqımızın milli qürurunun, dövlətimizin gücünün və gələcək nəsillərə ötürüləcək Zəfər tariximizin əbədi rəmzidir.
Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

Şərh yazın