Şuşa Zəfərinə gedən uzun yol

Şuşa Zəfərinə gedən uzun yol.

 

Qəhrəman əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı. Cənab İlham Əliyev 8 noyabr 2020-ci il tarixdə Şəhidlər xiyabanından Şuşanın azad edilməsi müjdəsini xalqa çatdırarkən söylədi ki, demişdim  gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır.  Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin müraciətində onu da qeyd etdi ki,  dəfələrlə  Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində  Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni verməyin Onun üçün ən xoşbəxt günlərdən biri olduğunu vurğulayan dövlətimizin başçısı İlham Əliyev “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” çağırışını etdi. Artıq o vaxtdan bizi 6 illik zaman ayırır. Bu istəklərimiz reallıqdır. İşğaldan azad edilmiş torpaqlarımızda  yeni həyatın başlaması üçün quruculuq və bərpa layihələri uğurla həyata keçirilir. Cənab İlham Əliyevin 44 günlük müharibənin Azərbaycanın siyasi Qələbəsi ilə başa çatmasından sonra işğaldan azad  edilmiş ərazilərimizə  səfərlərini böyük qürurla, sevinc hissi ilə  reallaşdırması atılan addımların uğurlu nəticələrinin təqdimatı kimi dəyərləndirilir.  Ölkə Prezidentinin  ötən dövr ərzində Şuşaya 40-a yaxın səfəri olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti,  ordumuzun şücaəti sayəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan  tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoyub. 44 günlük müharibə milli mənliyimizi özümüzə qaytardı. Azərbaycanın  ərazi bütövlüyünün bərpası ölkəmiz  üçün  beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Azərbaycan 30 ilə yaxın müddətdə  erməni qəsbkarları tərəfindən   maddi və mədəni sərvətləri talan edilmiş torpaqlarımızın  yenidən həyata qaytarılması, cənnət məkana çevrilməsi üçün quruculuq layihələrinin icrasını uğurla davam etdirir. Bu gün Şuşa şəhərinin timsalında azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinin aydın mənzərəsini görə bilərik.

 

Zərdab rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi-Mubariz Quliyev

 

Şərh yazın