Konstitusiyada fikir və söz azadlığına da geniş yer ayrılmışdır.
Hər bir vətəndaş öz fikrini sərbəst ifadə etmək, məlumat əldə etmək və yaymaq hüququna malikdir. İnsanlar ölkədə baş verən hadisələrə münasibət bildirə, müxtəlif məsələlərlə bağlı öz düşüncələrini açıq şəkildə ifadə edə bilərlər. Söz və fikir azadlığı demokratik cəmiyyətin əsas göstəricilərindən biridir. Eyni zamanda bu azadlıqdan istifadə edərkən digər insanların hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq da vacibdir.
İnsanların dini etiqad azadlığı da Konstitusiya ilə qorunur. Hər kəs istədiyi dinə etiqad etmək, dini baxışlarına uyğun yaşamaq və ya heç bir dinə etiqad etməmək hüququna malikdir. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin birgə yaşadığı ölkə olmuşdur. Bu gün də ölkəmizdə dini və milli müxtəlifliyə hörmət, tolerantlıq və qarşılıqlı anlaşma cəmiyyət həyatının mühüm xüsusiyyətlərindəndir. Konstitusiyada təsbit olunan bərabərlik və vicdan azadlığı prinsipləri bu dəyərlərin qorunmasına hüquqi zəmin yaradır.
Konstitusiyanın mühüm müddəalarından biri də vətəndaşların təhsil almaq hüququdur. Təhsil hər bir insanın gələcəyini müəyyən edən, onun dünyagörüşünün və biliklərinin formalaşmasına kömək edən əsas amillərdəndir. Hər bir uşağın təhsil alması, gənclərin bilik və bacarıqlarını inkişaf etdirməsi, insanların yeni peşələrə yiyələnməsi cəmiyyətin ümumi inkişafına xidmət edir. Dövlətin təhsil sahəsində həyata keçirdiyi tədbirlər də bu hüququn daha geniş şəkildə təmin olunmasına yönəlmişdir. Çünki savadlı və bilikli gənclər ölkənin gələcəyini müəyyən edən əsas qüvvədir.
Əmək hüququ da insanın əsas sosial hüquqlarından biridir. Hər kəs öz qabiliyyətinə uyğun olaraq sərbəst şəkildə əmək fəaliyyəti ilə məşğul olmaq, peşə və iş yeri seçmək hüququna malikdir. İnsanların işləməsi, ailələrini dolandırması, əməyinin qarşılığını alması və təhlükəsiz əmək şəraitində çalışması onların normal həyatının əsas şərtlərindəndir. Konstitusiya məcburi əməyin yolverilməzliyini, əmək hüquqlarının qorunmasını və hər kəsin istirahət hüququnu da təmin edir.
Bununla yanaşı, Konstitusiyada sosial təminat, sağlamlığın qorunması və tibbi yardım almaq hüquqları da öz əksini tapmışdır. Hər bir insanın sağlam yaşamaq, ehtiyac yarandıqda tibbi xidmətlərdən istifadə etmək və qanunla müəyyən edilmiş hallarda sosial yardım almaq hüququ vardır. Xüsusilə yaşlı insanların, əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, uşaqların və sosial müdafiəyə ehtiyacı olan digər vətəndaşların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur.
Mülkiyyət hüququ da Konstitusiyanın təminat verdiyi əsas hüquqlardandır. Hər kəs qanunla müəyyən edilmiş qaydada əmlaka sahib ola, ondan istifadə edə və ona sərəncam verə bilər. Mülkiyyət hüququnun qorunması insanların öz əmlakına, zəhməti hesabına əldə etdiyi qazanca və sahibkarlıq fəaliyyətinə olan inamını artırır. Bu hüquq həm də ölkədə iqtisadi fəallığın, sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafına müsbət təsir göstərir.
Fəxrət Məmmədəliyev – Təzəkənd kənd sakini, fəal gənc

Şərh yazın