Şuşa Zəfərinə gedən uzun yol

Şuşa Zəfərinə gedən uzun yol

Azərbaycan xalqının tarixində xüsusi yeri olan Şuşanın azad edilməsi yalnız 44 günlük Vətən müharibəsinin deyil, bütövlükdə milli mübarizə tariximizin ən möhtəşəm səhifələrindən biridir. Bu Qələbə uzun illər davam edən siyasi, diplomatik və hərbi mübarizənin, dövlət quruculuğu prosesinin və xalqımızın sarsılmaz iradəsinin nəticəsi idi. Şuşaya gedən yol heç də asan olmadı. Bu yol şəhidlərimizin qanından, əsgər və zabitlərimizin qəhrəmanlığından, xalqımızın birliyindən və dövlətimizin qətiyyətindən keçirdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsinin strateji və mənəvi əhəmiyyətini xüsusi vurğulayırdı. Dövlət başçısının müharibə dövründə xarici media nümayəndələrinə verdiyi müsahibələrdən birində səsləndirdiyi “Şuşasız bizim işimiz yarımçıq qalar” fikri əslində Azərbaycanın qarşıya qoyduğu tarixi məqsədin aydın ifadəsi idi. Bu sözlər həm də xalqımıza verilən mesaj, Ordumuza göstərilən inam və Şuşanın milli kimliyimizdəki əvəzsiz yerinin təsdiqi idi. Şuşa Azərbaycan xalqı üçün adi şəhər deyil. Bura milli musiqimizin, ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin beşiyidir. Pənahəli xan tərəfindən 1752-ci ildə əsası qoyulan şəhər əsrlər boyu Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu kimi görkəmli şəxsiyyətlərin adı Şuşa ilə bağlıdır. Şuşa həm də Azərbaycan musiqisinin, muğam sənətinin və poeziyasının inkişafında mühüm mərkəz olub. Təsadüfi deyil ki, bu şəhər xalqımızın yaddaşında Qarabağın tacı, milli ruhumuzun rəmzi kimi yaşayır.

1992-ci il mayın 8-də Şuşanın işğalı Azərbaycan xalqının həyatında ağır faciəyə çevrildi. Şəhərin tarixi-mədəni irsinə ciddi ziyan vuruldu, tarixi abidələr dağıdıldı, mədəniyyət nümunələri talan edildi, sakinlər doğma yurdlarından didərgin salındı. Lakin bütün bunlar xalqımızın Şuşaya qayıtmaq əzmini sarsıda bilmədi. Şuşanın azad edilməsi hər zaman dövlətimizin və xalqımızın əsas milli hədəflərindən biri olaraq qaldı.

Bu hədəfə çatmaq üçün illər ərzində güclü dövlət quruculuğu həyata keçirildi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi strategiya əsasında Azərbaycanın iqtisadi potensialı artırıldı, dövlət institutları möhkəmləndirildi, beynəlxalq mövqeləri gücləndirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət yeni mərhələyə qədəm qoydu. Ordunun müasirləşdirilməsi, müasir silah və texnika ilə təchizatı, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi və müdafiə sənayesinin inkişafı Azərbaycanın gələcək hərbi uğurlarının əsasını təşkil etdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın qarşısında duran tarixi vəzifələrin həyata keçirilməsi üçün yeni mərhələ açdı. Azərbaycan Ordusu döyüş meydanında böyük irəliləyiş əldə edərək bir sıra şəhər, qəsəbə və kəndləri işğaldan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrinin azad edilməsi Şuşaya doğru gedən yolun mühüm mərhələləri idi. Şuşa əməliyyatı isə Vətən müharibəsinin ən mürəkkəb və həlledici hərbi əməliyyatlarından biri kimi tarixə düşdü. Şəhərin mürəkkəb dağlıq relyefi, sıldırım qayalıqları və müdafiə mövqeləri əməliyyatı olduqca çətinləşdirirdi. Azərbaycan hərbçiləri ağır təbii şəraitdə, böyük fiziki və mənəvi dözümlülük nümayiş etdirərək irəlilədilər. Yüngül silahlarla döyüşən qəhrəman əsgərlərimiz yaxın məsafəli döyüşlərdə misilsiz şücaət göstərərək Şuşanı azad etdilər. Bu əməliyyat Azərbaycan hərb tarixinin xüsusi səhifəsinə çevrildi. Şuşanın azad edilməsi Vətən müharibəsinin gedişinə həlledici təsir göstərdi və noyabrın 10-da hərbi əməliyyatların dayandırılması ilə nəticələnən razılaşmanın əldə olunmasında mühüm rol oynadı. Beləliklə, 28 ildən artıq davam edən Şuşa həsrətinə son qoyuldu, şəhərimiz yenidən Azərbaycanın nəzarətinə keçdi.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

Şərh yazın