Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı

Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı

Azərbaycan xalqının çoxəsrlik tarixində elə hadisələr var ki, onlar yalnız hərbi uğur deyil, həm də milli qürurun, birliyin və iradənin təntənəsi kimi yadda qalır. 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Qələbənin ən möhtəşəm səhifələrindən biri də Şuşa əməliyyatı oldu. Bu əməliyyat Azərbaycanın hərb tarixinə qəhrəmanlıq, peşəkarlıq və misilsiz şücaət nümunəsi kimi daxil oldu. Şuşa Azərbaycan xalqının milli-mənəvi yaddaşında xüsusi yer tutur. Qarabağın tacı, mədəniyyətimizin beşiyi, musiqimizin və ədəbiyyatımızın məbədi olan bu qədim şəhər əsrlər boyu xalqımızın mənəvi dayağı olmuşdur. Şuşanın işğalı Azərbaycan xalqının qəlbində sağalmaz yara açmış, onun azad edilməsi isə hər bir azərbaycanlının ən böyük arzularından birinə çevrilmişdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda əzmlə mübarizə apardı. Döyüş meydanında əldə edilən uğurlar noyabr ayında Şuşa istiqamətində həlledici əməliyyatın həyata keçirilməsi üçün tarixi şərait yaratdı. Noyabrın ilk günlərində başlanan Şuşa əməliyyatı mürəkkəb relyef, sərt hava şəraiti və çətin döyüş şəraiti ilə müşayiət olunurdu. Azərbaycan əsgəri qarşısına qoyduğu müqəddəs məqsədə çatmaq üçün böyük iradə və fədakarlıq nümayiş etdirdi. Şəhərin azad olunmasında xüsusi təyinatlı qüvvələrin göstərdiyi qəhrəmanlıq, peşəkarlıq və döyüş əzmi əməliyyatın uğurunda mühüm rol oynadı. Şuşa uğrunda döyüşlər Azərbaycan əsgərinin Vətən sevgisinin nə qədər güclü olduğunu bir daha sübut etdi. Hər qarış torpaq uğrunda mübarizə aparan igidlərimiz canları və qanları bahasına tarixi missiyanı yerinə yetirdilər. Bu Qələbə təkcə hərbi strategiyanın deyil, həm də xalq-ordu birliyinin, milli ruhun və sarsılmaz iradənin təntənəsi idi.

2020-ci il noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin azad edilməsi haqqında xalqa müraciət edərək tarixi müjdəni Azərbaycan xalqına çatdırdı. Həmin gün xalqımızın yaddaşına əbədi olaraq Zəfər günü kimi həkk olundu. Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyində həlledici rol oynadı və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması prosesində mühüm əhəmiyyət daşıdı. Şuşa Zəfəri Azərbaycan dövlətinin siyasi iradəsinin, Ordumuzun döyüş qabiliyyətinin və xalqımızın milli həmrəyliyinin parlaq təcəssümüdür. Bu qələbə dünyaya göstərdi ki, Azərbaycan xalqı öz tarixi torpaqlarına bağlıdır, milli maraqlarını qorumağa qadirdir və qarşıya qoyduğu məqsədlərə çatmaq üçün bütün gücünü səfərbər edə bilir. Bu gün Şuşa yenidən Azərbaycanın mədəniyyət paytaxtı kimi inkişaf edir. Şəhərdə aparılan bərpa və quruculuq işləri, tarixi abidələrin yenidən dirçəldilməsi, mədəni tədbirlərin keçirilməsi Böyük Qayıdışın və Zəfərin davamıdır. Şuşada dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi bahasına əldə edilmiş tarixi Qələbənin rəmzidir. Şuşa əməliyyatı yalnız 44 günlük Vətən müharibəsinin ən mühüm hərbi hadisələrindən biri deyil, həm də Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin zirvəsidir. Bu əməliyyat sübut etdi ki, milli birlik, güclü dövlətçilik və Vətən sevgisi ən çətin maneələri belə aşmağa qadirdir.

Gülağa İgəndərov – Zərdab Rayon Təhsil Sektorunun müdiri

 

Şərh yazın