Konstitusiyanın əhəmiyyəti yalnız onun qəbul edilməsi və hüquqi müddəalarından ibarət deyil
Konstitusiyada vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ da nəzərdə tutulmuşdur. Vətəndaşlar seçkilərdə və referendumlarda iştirak etməklə, öz iradələrini sərbəst ifadə etməklə ölkənin ictimai-siyasi həyatına töhfə verirlər. Hər bir vətəndaş qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət orqanlarına müraciət etmək, dövlət orqanlarının və vəzifəli şəxslərin qanunsuz hərəkətlərindən şikayət vermək hüququna malikdir. Bu imkanlar vətəndaşla dövlət arasında əlaqələrin möhkəmlənməsinə, insanların qarşılaşdıqları problemlərin həllinə və cəmiyyətdə fəal iştirakına şərait yaradır.
İnsan hüquq və azadlıqlarının qorunmasında məhkəmə müdafiəsi xüsusi əhəmiyyət daşıyır. Hər bir şəxsin hüquqları pozulduqda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmələrin müstəqilliyi, qanunun aliliyi və hər kəsin qanun qarşısında bərabərliyi hüquqi dövlətin əsas şərtlərindəndir. İnsan bilməlidir ki, onun hüquqları pozulduğu halda qanuni müdafiə imkanları mövcuddur və heç kəs qanundan üstün deyil.
Əlbəttə, hüquq və azadlıqların olması ilə yanaşı, hər bir vətəndaşın üzərinə müəyyən vəzifələr də düşür. Konstitusiya yalnız hüquqları deyil, həm də vətəndaşların dövlət və cəmiyyət qarşısında məsuliyyətlərini müəyyən edir. Qanunlara əməl etmək, digər insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmaq, dövlət rəmzlərinə hörmət etmək, vergiləri ödəmək, ətraf mühiti və tarixi-mədəni irsi qorumaq hər bir vətəndaşın borcudur. Çünki hüquqların qorunduğu, insanların bir-birinə hörmət etdiyi cəmiyyətdə sağlam münasibətlər və ictimai sabitlik formalaşır.
Son illər Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, əhalinin sosial rifahının yüksəldilməsi, vətəndaşlara göstərilən dövlət xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi, vətəndaş müraciətlərinə baxılması və sosial müdafiə tədbirlərinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Dövlət orqanlarının fəaliyyətində vətəndaş məmnunluğunun əsas meyarlardan birinə çevrilməsi də insan amilinə verilən önəmin göstəricisidir.
Bu baxımdan, dövlət orqanlarının vəzifəsi yalnız qanunların icrasına nəzarət etmək deyil, eyni zamanda insanların hüquq və mənafelərinin qorunmasına xidmət göstərməkdir. Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması, onların problemlərinin qanun çərçivəsində həlli, şəffaflığın və ədalətin təmin edilməsi hüquqi dövlət quruculuğunun vacib istiqamətləridir. Hər bir vətəndaş dövlət orqanlarına müraciət edərkən öz probleminin dinləniləcəyinə, hüquqlarının qanun əsasında müdafiə olunacağına inanmalıdır.
Konstitusiyanın əhəmiyyəti yalnız onun qəbul edilməsi və hüquqi müddəalarından ibarət deyil. Əsas məsələ bu müddəaların gündəlik həyatda tətbiq olunması, hər bir insanın öz hüquqlarını bilməsi və onlardan qanuni şəkildə istifadə etməsidir. İnsan öz hüquqlarını nə qədər yaxşı bilirsə, onları müdafiə etmək imkanları da bir o qədər geniş olur. Buna görə də Konstitusiyanın və qanunların öyrənilməsi, xüsusilə gənc nəslin hüquqi biliklərinin artırılması mühüm əhəmiyyət daşıyır.
Elmir Rəhimov – Zərdab şəhər sakini, fəal gənc

Şərh yazın