Bu gün üçrəngli Azərbaycan bayrağı ölkəmizin hər bir qarışında, dağlarında, şəhərlərində və azad edilmiş bütün torpaqlarımızda qürurla dalğalanır
Bu gün dövlət bayrağımız respublikamızın bütün dövlət qurumlarının, xaricdəki diplomatik nümayəndəliklərimizin binaları üzərində ucalır. O, mühüm beynəlxalq tədbirlərdə, mötəbər siyasi sammitlərdə, mədəniyyət ocaqlarında və dünya səviyyəli idman yarışlarında qaldırılaraq milli birliyimizi və gücümüzü təcəssüm etdirir.
Azərbaycan bayrağının keçdiyi yolun ən möhtəşəm və şanlı zirvəsi 2020-ci ilə təsadüf edir. illər boyu işğal altında qalan torpaqlarımızda bayrağımızın həsrəti yaşanırdı.
2004-cü il iyunun 8-də qəbul edilən “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunla bu sahədəki hüquqi baza daha da təkmilləşdirildi. Həmin qanunla:
- Bayrağın qaldırılmalı və yerləşdirilməli olduğu yerlər,
- Matəm günlərində və rəsmi mərasimlərdə istifadə qaydaları,
- Digər dövlətlərin bayraqları ilə birgə asılma şərtləri və standartları dəqiq müəyyən olundu.
2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük Zəfərə imza atdı. Azərbaycan əsgəri 28 il həsrətində olduğumuz torpaqlarımızı — Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, Hadrut, Mincivan, Ağbənd qəsəbələrini, Suqovuşanı və 200-dən çox kəndimizi düşməndən azad edərək üçrəngli bayrağımızı həmin torpaqlara sancdı.
Tariximizin en böyük müjdəsi isə məhz Bayraq Günü ərəfəsində verildi. 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunduğunu və üçrəngli bayrağımızın Qarabağın tacı olan Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Həmin an yüz minlərlə insan əllərində Azərbaycan bayrağı ilə küçələrə axışaraq Zəfər sevincini bir-biri ilə paylaşdı.
Şuşanın azad edildiyi 8 noyabr tarixi dövlətimizin Zəfər Günü kimi tariximizə həkk olundu və növbəti gün — 9 noyabr Dövlət Bayrağı Günü ilə qovuşaraq ikiqat bayram coşğusuna çevrildi.
Bu gün üçrəngli Azərbaycan bayrağı ölkəmizin hər bir qarışında, dağlarında, şəhərlərində və azad edilmiş bütün torpaqlarımızda qürurla dalğalanır. O, təkcə keçmişimizin yadigarı deyil, həm də gələcəyimizin, müstəqilliyimizin və sarsılmaz birliyimizin əbədi təminatçısıdır. Bayrağımız var olduqca, Azərbaycan xalqı və dövləti də əbədi yaşayacaqdır!
Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim

Şərh yazın