Azərbaycan Konstitusiyası xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğunu təsbit edir

Azərbaycan Konstitusiyası xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğunu təsbit edir

 

Bu prinsip dövlət idarəçiliyində xalqın iradəsinin əsas götürüldüyünü göstərir. Ölkədə keçirilən seçkilər və referendumlar vətəndaşların dövlətin ictimai-siyasi həyatında iştirak etməsinə imkan yaradır. Hər bir vətəndaşın ölkənin gələcəyi ilə bağlı proseslərdə iştirak etmək hüququ vardır.

Konstitusiyanın mühüm müddəalarından biri də dövlətin vətəndaşların sosial müdafiəsinə xüsusi diqqət yetirməsidir. Təhsil, səhiyyə, əmək, sosial təminat və ailənin qorunması ilə bağlı hüquqların əsas qanunda əks olunması dövlətin insan amilinə verdiyi önəmi göstərir. Bu müddəalar cəmiyyətdə sosial ədalətin möhkəmləndirilməsi, insanların həyat şəraitinin yaxşılaşdırılması və hər bir şəxsin inkişafı üçün imkanların yaradılması baxımından böyük əhəmiyyət daşıyır.

Ötən illər ərzində Azərbaycanın Konstitusiyası ölkədə həyata keçirilən genişmiqyaslı islahatların, dövlət idarəçiliyinin təkmilləşdirilməsinin və hüquq sisteminin inkişafının əsas istiqamətlərindən biri olmuşdur. Zamanın tələblərinə uyğun olaraq Konstitusiyaya əlavə və dəyişikliklər edilmiş, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, demokratik institutların inkişafı istiqamətində hüquqi əsaslar gücləndirilmişdir.

Bu gün Azərbaycan müstəqil, suveren və öz milli maraqlarını qoruyan dövlət kimi inkişaf edir. Ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və sosial nailiyyətlər, beynəlxalq nüfuzunun artması, dövlət institutlarının möhkəmlənməsi müstəqil dövlətçilik siyasətinin ardıcıl şəkildə həyata keçirilməsinin nəticəsidir. Bütün bu proseslərdə Konstitusiya dövlətimizin hüquqi dayağı və cəmiyyətimizin inkişafını istiqamətləndirən əsas sənəd kimi mühüm rol oynayır.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması da dövlətçilik tariximizin ən mühüm hadisələrindəndir. Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi təmin edilmişdir. Bu gün Azərbaycanın Konstitusiyasının hüquqi qüvvəsinin bütün ölkə ərazisində təmin olunması müstəqil dövlətçiliyimizin və milli birliyimizin mühüm göstəricisidir.

Konstitusiya yalnız dövlət orqanlarının fəaliyyətini tənzimləyən sənəd deyil. O, həm də hər bir vətəndaşın gündəlik həyatına təsir edən hüquqi qaydaların əsasını təşkil edir. İnsan öz hüquqlarını bilməli, qanunların ona verdiyi imkanlardan düzgün istifadə etməli, eyni zamanda, üzərinə düşən vəzifələri də məsuliyyətlə yerinə yetirməlidir. Çünki hüquqi dövlətin möhkəmlənməsi yalnız qanunların mövcudluğu ilə deyil, həm də hər bir şəxsin qanunlara hörmət etməsi və onlara əməl etməsi ilə mümkündür.

Vətəndaşların hüquqi maarifləndirilməsi, gənc nəslin qanunlara hörmət ruhunda tərbiyə olunması, dövlətçilik ənənələrinin qorunması da mühüm məsələlərdəndir. Xüsusilə gənclər Konstitusiyanın mahiyyətini, öz hüquq və vəzifələrini yaxşı bilməli, ölkənin ictimai həyatında fəal iştirak etməlidirlər. Bu, gələcək nəsillərin məsuliyyətli, savadlı və dövlətinə bağlı vətəndaşlar kimi formalaşmasına kömək edir.

Nəticə etibarilə, 12 Noyabr – Konstitusiya Günü Azərbaycan xalqının müstəqil dövlət quruculuğu yolunda əldə etdiyi mühüm nailiyyətlərdən birini xatırladan əlamətdar gündür. Bu tarix bizə müstəqilliyimizin, dövlətçiliyimizin və hüquqlarımızın nə qədər böyük dəyərə malik olduğunu bir daha xatırladır. Konstitusiyaya hörmət etmək, onun müddəalarına əməl etmək və qanunun aliliyinin qorunmasına töhfə vermək hər birimizin vətəndaşlıq borcudur.

 

Xəyyam Məmmədov – Zərdab şəhər sakini, fəal gənc

 

Şərh yazın