Üçrəngli bayrağımızın hər bir rəngi müəyyən məna daşıyır

Üçrəngli bayrağımızın hər bir rəngi müəyyən məna daşıyır

 

Hər bir dövlətin özünəməxsus rəmzləri, tarixi və milli dəyərləri vardır. Bu rəmzlər arasında Dövlət bayrağı xüsusi yer tutur. Bayraq xalqın kimliyini, tarixini, azadlıq istəyini, müstəqilliyini və dövlətçiliyini özündə əks etdirir. O, sadəcə rənglərdən və müxtəlif işarələrdən ibarət parça deyil. Bayraq hər bir vətəndaş üçün Vətənin, xalqın birliyinin, milli qürurun və dövlətə bağlılığın ifadəsidir. İnsanlar bayrağa baxarkən öz tarixini, keçmişini, qəhrəmanlıq salnaməsini və gələcəyə olan ümidlərini xatırlayırlar. Buna görə də Azərbaycan xalqı üçün üçrəngli Dövlət bayrağımız müqəddəs və əzizdir.

Azərbaycan xalqı tarix boyu öz azadlığı, torpağı və dövlətçiliyi uğrunda mübarizə aparıb. Bu mübarizədə bayraq hər zaman xalqımızın birliyini və müstəqillik arzusunu ifadə edib. Müxtəlif dövrlərdə xalqımızın qarşılaşdığı çətinliklərə baxmayaraq, milli kimliyimizi, dilimizi, mədəniyyətimizi və dövlətçilik ənənələrimizi qoruyub saxlamaq əzmimiz dəyişməyib. Üçrəngli bayrağımız da bu əzmin, milli iradənin və azadlıq istəyinin ən parlaq ifadələrindən biridir. Hər il noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunur. Bu əlamətdar gün Azərbaycan xalqının dövlətçilik tarixində mühüm hadisə ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilmişdir. Bu tarix hər bir azərbaycanlıya milli rəmzlərimizə hörmət etməyin, dövlət müstəqilliyimizi qorumağın və Vətənimizi sevməyin nə qədər vacib olduğunu xatırladır. Azərbaycanın bugünkü Dövlət bayrağının tarixi 1918-ci ilə gedib çıxır. Həmin il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız Şərqdə ilk demokratik respublikalardan birini qurdu. Bu hadisə Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu. Müstəqil dövlətin yaradılması ilə yanaşı, onun dövlət rəmzlərinin müəyyən edilməsi də qarşıda duran əsas məsələlərdən idi.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk Dövlət bayrağı 1918-ci il iyunun 21-də qəbul edilmişdir. Həmin bayraq qırmızı rəngdən, üzərində ağ aypara və səkkizguşəli ulduzdan ibarət idi. Lakin bu bayrağın müvəqqəti xarakter daşıması nəzərdə tutulmuşdu. Həmin ilin noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında indiki üçrəngli Dövlət bayrağımızın qəbul edilməsi haqqında qərar verildi. Beləliklə, mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayrağımız dövlət rəmzi kimi qəbul edildi. Üçrəngli bayrağımızın hər bir rəngi müəyyən məna daşıyır. Mavi rəng türk mənşəyimizi, milli kimliyimizi və türkçülük ideyasını ifadə edir. Qırmızı rəng müasirliyi, inkişafı və tərəqqini, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğumuzu göstərir. Bayrağımızdakı aypara və səkkizguşəli ulduz da milli rəmzlərimizin ayrılmaz hissəsidir. Üçrəngli bayrağımızın ideya əsaslarının formalaşmasında görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü türkçülük, müasirləşmək və islamlaşmaq düşüncələri mühüm rol oynamışdır. Bu ideyalar Azərbaycan xalqının milli dünyagörüşünü, mənəvi dəyərlərini və gələcək inkişaf istiqamətini özündə birləşdirirdi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. 1920-ci ilin aprelində Azərbaycanın müstəqilliyinə son qoyuldu və ölkəmiz sovet hakimiyyətinin tərkibinə daxil edildi. Bununla da üçrəngli bayrağımızın rəsmi dövlət rəmzi kimi dalğalanmasına son qoyuldu. Lakin bayrağımıza olan sevgi və müstəqillik arzusu xalqımızın qəlbindən heç vaxt silinmədi. İnsanlar bu bayrağı Azərbaycanın azadlığının, milli qürurunun və müstəqil dövlətçilik ənənələrinin rəmzi kimi yaddaşlarında yaşatdılar.

 

Xəyyam Məmmədov – Zərdab şəhər sakini, fəal gənc

Şərh yazın