Rəsmi İrəvanın cinayətləri
26 avqust – Laçın şəhəri günü Laçının tarixinin, milli yaddaşımızın və işğal illərində üzləşdiyi faciələrin bir daha xatırlanması baxımından mühüm əhəmiyyət daşıyır. 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal edilən Laçın rayonu uzun illər ərzində ağır dağıntılara, talanlara və qanunsuz fəaliyyətlərə məruz qalıb. İşğal nəticəsində rayonun azərbaycanlı əhalisi doğma yurdlarından didərgin salınıb, yaşayış məntəqələri, sosial obyektlər, tarixi-mədəni irs nümunələri və infrastruktur dağıdılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Laçında 217 mədəniyyət, 101 təhsil və 142 səhiyyə müəssisəsi, eləcə də çoxsaylı digər obyektlər talan və məhv edilib, 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
İşğal dövründə Laçının tarixi-mədəni irsinə qarşı həyata keçirilən siyasət təkcə ayrı-ayrı abidələrin dağıdılması ilə məhdudlaşmayıb. Azərbaycanın tarixi toponimlərinin dəyişdirilməsi, yaşayış məntəqələrinin adlarının saxtalaşdırılması və bölgənin etnik-mədəni simasının dəyişdirilməsinə yönəlmiş addımlar atılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatlarında işğal olunmuş ərazilərdə yerli toponimlərin dəyişdirilməsinin və məskunlaşdırma fəaliyyətinin məqsədyönlü və təşkilatlanmış şəkildə həyata keçirildiyi bildirilir.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.
Laçının zəngin təbii sərvətləri də işğal illərində qanunsuz istismara məruz qalıb. Xüsusilə rayonun meşə fondunun məhv edilməsi və təbii ehtiyatların talan olunması ciddi ekoloji fəsadlar yaradıb. Azərbaycan Prezidentinin 2022-ci ildə Laçına səfəri zamanı bildirilib ki, işğal dövründə meşə fondunun qanunsuz istismarı nəticəsində on minlərlə hektar meşə məhv edilib, kəsilib və satılıb. Bu faktlar işğalın yalnız ərazi nəzarəti ilə məhdudlaşmadığını, bölgənin təbii sərvətlərinə qarşı da sistemli münasibət göstərildiyini ortaya qoyur.
Bu gün isə Laçın tamamilə başqa mənzərə ilə qarşı-qarşıyadır. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçib. Məhz bu səbəbdən 26 avqust Laçın şəhəri günü kimi qeyd olunur. İşğalın izlərini silən quruculuq işləri, şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı və yeni həyatın bərpası Laçının tarixində yeni səhifə açıb.
Laçın şəhəri günü həm də keçmişi unutmamaq, işğal illərində törədilmiş dağıntı və qanunsuzluqları yaddaşda saxlamaq, eyni zamanda gələcəyə inamla baxmaq günüdür. Laçının bu günkü dirçəlişi göstərir ki, işğal nəticəsində vurulmuş yaralar nə qədər ağır olsa da, milli iradə və dövlət qətiyyəti sayəsində doğma torpaqlarda həyat yenidən bərpa olunur. Laçın artıq dağıntıların deyil, quruculuğun, qayıdışın və Azərbaycanın suverenliyinin rəmzi kimi öz yeni tarixini yazır.
Turanə Həsənli – Zərdab rayonu Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi

Şərh yazın