Tarixi ədalətin təntənəsi.
Bəzən bir tarix yalnız təqvimdəki adi gün deyil, bütöv bir xalqın yaddaşında xüsusi iz buraxan əlamətdar hadisəyə çevrilir. 26 Avqust da Laçın üçün məhz belə günlərdəndir. Bu tarix doğma şəhərin uzun illərdən sonra yenidən öz sahibinə qovuşmasının, laçınlıların illərlə ürəyində yaşatdığı qayıdış arzusunun gerçəyə çevrilməsinin rəmzidir. Laçın şəhərinin adı Azərbaycan tarixində, xalqımızın yaddaşında və mədəni irsində xüsusi yer tutur. Bu qədim yurdun hər daşı, hər dağı, hər bulağı onun tarixindən xəbər verir. Laçın həm təbii gözəllikləri, həm də burada yaşayan insanların doğma torpağa bağlılığı ilə seçilib.
1992-ci il mayın 18-də Laçın rayonunun işğal olunması minlərlə insanın həyatını dəyişdi. Laçınlılar doğma evlərindən didərgin düşdü, illərlə başqa yerlərdə yaşamaq məcburiyyətində qaldılar. Lakin onların qəlbində Laçına qayıtmaq ümidi heç vaxt sönmədi.
2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər bu arzunun gerçəkləşməsi üçün yol açdı. Həmin il dekabrın 1-də Laçın rayonu Azərbaycanın nəzarətinə qaytarıldı. Bu hadisə uzun illər davam edən həsrətin sona çatmasının başlanğıcı oldu.
2022-ci il avqustun 26-da isə Laçın şəhərinin Azərbaycana qaytarılması tarixi hadisəyə çevrildi. Bu gün həm laçınlıların, həm də bütün Azərbaycan xalqının yaddaşında böyük qürur və sevinc hissi ilə yaşayır. 26 Avqustun Laçın Şəhəri Günü kimi qeyd olunması da bu tarixi hadisənin əhəmiyyətini göstərir. Bu gün Laçında yeni həyat qurulur. Şəhər yenidən abadlaşdırılır, müasir yaşayış binaları, məktəblər, sosial və digər infrastruktur obyektləri inşa edilir. Yollar yenilənir, küçələr abadlaşdırılır. Ən əsası isə illər sonra doğma torpaqlarına qayıdan insanların sayı artır. Laçının yenidən qurulması şəhərin gələcəyinə böyük inam yaradır. Rayonun zəngin təbiəti, dağları, meşələri və mineral bulaqları turizmin inkişafı üçün geniş imkanlar açır. Kənd təsərrüfatı, heyvandarlıq və digər sahələrin inkişafı yeni iş yerlərinin yaradılmasına və insanların rifahının yüksəlməsinə şərait yaradacaq. Laçında görülən işlər tarixi ədalətin yalnız siyasi deyil, həm də həyatın bütün sahələrində bərpa olunduğunu göstərir. Bir vaxtlar boş qalan evlərdə yenidən ailə səsləri eşidilir, məktəblərdə uşaqların səsi gəlir, şəhərin küçələrində həyat canlanır.
Bu gün Laçın keçmişi ilə fəxr edərək gələcəyə doğru inamla addımlayır. 26 Avqust – Laçın Şəhəri Günü tarixi yaddaşımızın, qayıdışımızın və böyük quruculuq yolunun rəmzidir.
Laçının dirçəlişi xalqımızın illərlə yaşatdığı arzuların gerçəkləşməsinin parlaq nümunəsidir. Bu gün qədim şəhərimiz yenidən yaşayır, inkişaf edir və öz gələcək tarixini yazır. Tarixi ədalətin təntənəsi də məhz budur – doğma torpaqda yenidən həyatın bərqərar olması.
Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov

Şərh yazın