Genişmiqyaslı quruculuq işləri Laçını yenidən canlandırır

Genişmiqyaslı quruculuq işləri Laçını yenidən canlandırır.

 

Dağların qoynunda yerləşən Laçın bu gün yeni bir dövrünü yaşayır. Uzun illər davam edən həsrətdən sonra doğma yurda qayıdışla başlayan yeni mərhələ şəhərin sürətlə yenidən qurulması ilə davam edir. Küçələrdə aparılan abadlıq işləri, ucaldılan yeni binalar və qayıdan sakinlərin səsi Laçında həyatın yenidən canlandığını göstərir. 26 Avqust – Laçın Şəhəri Günü bu baxımdan xüsusi məna daşıyır. Bu tarix laçınlıların doğma şəhərinə qayıdışının, Laçının yenidən qurulmasının və gələcəyə doğru inamla addımlamasının rəmzidir.

Bu gün Laçında genişmiqyaslı tikinti və abadlıq işləri həyata keçirilir. Şəhərin yolları yenilənir, yaşayış binaları tikilir, sosial obyektlər yaradılır. Məktəblərin, tibb müəssisələrinin, xidmət obyektlərinin və digər infrastrukturun qurulması insanların rahat yaşayışı üçün mühüm əhəmiyyət daşıyır. Laçının yenidən qurulmasında əsas məqsədlərdən biri sakinlərin rahat və təhlükəsiz yaşayışını təmin etməkdir. Doğma torpaqlarına qayıdan ailələr üçün müasir evlər inşa olunur. Yeni yaşayış məhəllələri salınır, küçələr abadlaşdırılır, ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilir. Şəhərin inkişafı ilə yanaşı, rayonun kəndlərinin də bərpasına böyük önəm verilir. Kəndlərdə yaşayış evləri, yollar və sosial obyektlər yaradılır. Beləliklə, Laçının yalnız şəhər mərkəzində deyil, bütün rayon ərazisində həyatın bərpası üçün mühüm addımlar atılır.

Laçının gələcək inkişafında iqtisadi imkanların genişləndirilməsi də vacib yer tutur. Rayonun zəngin təbiəti turizmin inkişafı üçün əlverişli şərait yaradır. Dağları, meşələri, bulaqları və gözəl mənzərələri Laçını həm yerli, həm də xarici turistlər üçün maraqlı məkana çevirə bilər.

Kənd təsərrüfatının inkişafı üçün də Laçında böyük imkanlar var. Heyvandarlıq, arıçılıq, əkinçilik və digər sahələrin inkişaf etdirilməsi həm yerli istehsalın artmasına, həm də yeni iş yerlərinin yaranmasına kömək edəcək. Bu isə rayon sakinlərinin öz doğma yurdlarında işləməsinə və yaşamasına daha geniş imkan yaradacaq.

Laçının dirçəlişində gənclərin də xüsusi rolu olacaq. Müasir məktəblərin, idman meydançalarının, mədəniyyət və digər sosial obyektlərin yaradılması gənc nəslin doğma yurdda böyüməsinə və təhsil almasına şərait yaradacaq. Laçının gələcəyi məhz burada yaşayan və fəaliyyət göstərən insanların əməyi ilə daha da möhkəmlənəcək. Bu quruculuq işləri yalnız yeni binaların tikilməsi deyil. Burada yeni həyat qurulur. İllər sonra doğma torpaqlarına qayıdan insanların gündəlik həyatı bərpa olunur, uşaqlar məktəbə gedir, ailələr yeni evlərində məskunlaşır. Bütün bunlar Laçının yenidən canlanmasının ən gözəl göstəriciləridir.

26 Avqust – Laçın Şəhəri Günü münasibətilə bu gün Laçının keçdiyi yolu qürurla xatırlayırıq. Qarşıda isə şəhəri daha da gözəlləşdirmək, inkişaf etdirmək və gələcək nəsillər üçün müasir yaşayış məkanı yaratmaq kimi böyük vəzifələr dayanır. Laçın bu gün quruculuğun, qayıdışın və yenilənmənin ünvanıdır. Aparılan genişmiqyaslı işlər nəticəsində qədim şəhərimiz yenidən öz simasını qazanır. Laçının küçələrində canlanan həyat, qayıdan sakinlərin sevinci və qurulan yeni obyektlər göstərir ki, bu gözəl diyarın gələcəyi daha parlaq olacaq.

 

Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Kəmalə Əliyeva

Şərh yazın