Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib.

 

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biri qarşılıqlı investisiya əməkdaşlığının genişləndirilməsidir. Son illərdə iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəyə çatması iqtisadi əlaqələrə də ciddi impuls verib. Qarşılıqlı sərmayələrin təşviqi, birgə layihələrin maliyyələşdirilməsi və biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığının uzunmüddətli və dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması iki ölkənin iqtisadi potensialının birgə reallaşdırılması istiqamətində atılmış mühüm addımlardan biridir.

Cənab Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə əhəmiyyətli töhfə verir.”

İnvestisiya Şirkətinin fəaliyyəti iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün mühüm mexanizm rolunu oynayır. 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən bu qurum Azərbaycan və Özbəkistanın investisiya imkanlarını bir platformada birləşdirərək perspektivli layihələrin dəstəklənməsinə şərait yaradır. Bu isə ikitərəfli iqtisadi münasibətlərin yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmadığını, qarşılıqlı sərmayə qoyuluşlarının da əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrildiyini göstərir.

İnvestisiya əməkdaşlığının genişlənməsi hər iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrində yeni layihələrin həyata keçirilməsi baxımından geniş imkanlar açır. Sənaye, kənd təsərrüfatı, energetika, nəqliyyat, logistika və digər istiqamətlərdə birgə təşəbbüslərin maliyyələşdirilməsi istehsal imkanlarının artırılmasına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi əlaqələrin şaxələndirilməsinə mühüm töhfə verəcəkdir.

 

Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru

Şərh yazın