Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır.

 

Azərbaycan və Özbəkistan arasında münasibətlər tarixi, mədəni və mənəvi yaxınlıqla yanaşı, qarşılıqlı etimad və strateji maraqlar üzərində inkişaf edir. Eyni köklərə, zəngin tarixi irsə və ortaq türk-müsəlman mədəniyyətinə malik iki xalqın əlaqələri zamanın sınaqlarından keçərək bu gün dövlətlərarası münasibətlərin möhkəm təməlini formalaşdırıb. Son illərdə siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin artması və yüksək səviyyəli təmasların davamlı xarakter alması Azərbaycan–Özbəkistan əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

İki ölkə arasında münasibətlərin inkişafında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, nəqliyyat və logistika imkanlarının artırılması, enerji, sənaye, kənd təsərrüfatı, investisiya və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın regional və beynəlxalq platformalarda bir-birinin mövqelərinə dəstək verməsi də əlaqələrin yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmadığını, geniş geosiyasi və strateji məzmun qazandığını nümayiş etdirir.

Cənab Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan–Özbəkistan münasibətlərinin mahiyyətinə dair səsləndirdiyi fikirlər də bu inkişafın əsasını təşkil edən amilləri aydın şəkildə ortaya qoyur. Dövlət başçısı iki ölkə arasındakı münasibətlərin yalnız siyasi və iqtisadi maraqlardan deyil, daha dərin tarixi və mənəvi bağlardan qaynaqlandığını vurğulayaraq deyib: “İki qardaş ölkə – Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.”

Burada söhbət yalnız diplomatik münasibətlərdən deyil, xalqlar arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbətin müasir dövlət siyasəti səviyyəsində yeni məzmunla davam etdirilməsindən gedir.

Azərbaycan və Özbəkistanın münasibətlərində son dövrün mühüm xüsusiyyətlərindən biri də qarşılıqlı əməkdaşlığın konkret layihələrlə zənginləşməsidir. İqtisadi əlaqələrin şaxələndirilməsi, birgə müəssisələrin yaradılması, investisiya imkanlarının genişləndirilməsi və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı iki ölkənin qarşılıqlı maraqlarının praktik müstəvidə reallaşdırılmasına xidmət edir. Xüsusilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi Azərbaycan və Özbəkistan üçün yeni imkanlar yaradır.

Mədəni-humanitar sahədə əməkdaşlıq isə xalqların bir-birini daha yaxından tanımasına və ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir. Ədəbiyyat, incəsənət, təhsil, elm və digər istiqamətlərdə əlaqələrin genişlənməsi iki xalqın ortaq tarixi yaddaşının daha da möhkəmlənməsinə şərait yaradır. Bu baxımdan Azərbaycan və Özbəkistan münasibətlərinin dövlətlərarası əlaqələrdən daha geniş məna daşıdığı, xalqların təbii yaxınlığı ilə qidalandığı aydın görünür.

Bu gün Azərbaycan–Özbəkistan əlaqələri Türk dünyasında həmrəyliyin və qarşılıqlı dəstəyin nümunələrindən biri kimi diqqət çəkir. İki ölkənin rəhbərlərinin siyasi iradəsi, xalqlar arasındakı tarixi yaxınlıq və əməkdaşlığın müxtəlif istiqamətlərində əldə olunan nəticələr münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əsas verir.

Azərbaycan və Özbəkistan arasında formalaşan müttəfiqlik münasibətləri tarixi və mənəvi bağların müasir dövlətçilik və strateji əməkdaşlıq imkanları ilə birləşməsinin nəticəsidir. Bu münasibətlər təkcə iki ölkənin qarşılıqlı maraqlarına deyil, bütövlükdə Türk dünyasında birlik və əməkdaşlıq ideyasının güclənməsinə, regionda sülhün, sabitliyin və iqtisadi tərəqqinin təşviqinə mühüm töhfə vermək potensialına malikdir.

 

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru

Şərh yazın