Laçın rayonunun enerji potensialı
26 Avqust – Laçın şəhəri günü təkcə tarixi bir qayıdışın deyil, həm də işğaldan azad edilmiş ərazilərin sürətli bərpası, müasir infrastrukturla təmin olunması və dayanıqlı inkişafının rəmzidir. Bu baxımdan Laçının qarşıdakı illərdə Azərbaycanın yaşıl enerji xəritəsində mühüm mərkəzlərdən birinə çevrilməsi xüsusi əhəmiyyət daşıyır.
Dağlıq relyefi, zəngin su ehtiyatları və çay şəbəkəsi Laçın rayonunun hidroenerji potensialını artıran əsas amillərdəndir. Hazırda rayonda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsalı potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyasının fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu göstəricilər Laçının enerji təhlükəsizliyinə verdiyi töhfənin miqyasını aydın nümayiş etdirir. Rayonda bu istiqamətdə ilk mühüm layihələrdən biri 2021-ci ildə 8 MVt generasiya gücünə malik Güləbird Su Elektrik Stansiyasının istifadəyə verilməsi oldu. Stansiyanın fəaliyyəti Laçının cənub hissəsinin, Qubadlının Xanlıq kəndinin və ərazidə həyata keçirilən digər infrastruktur layihələrinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayır.
İşğal dövründə tamamilə dağıdılmış enerji infrastrukturu azadlıqdan sonra yenidən qurularaq müasir tələblərə uyğunlaşdırıldı. Hoçaz çayı üzərində yerləşən “Ağbulaq”, “Mişni” və “Alxaslı” Su Elektrik stansiyalarının yenidən qurulması, eləcə də “Zabux” və “Qarıqışlaq” kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi Laçının enerji potensialının sistemli şəkildə reallaşdırılmasının mühüm mərhələləridir. 2025-ci ildə “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışı isə bu prosesin növbəti uğurlu nəticəsi oldu. Müasir avadanlıqlarla təchiz edilən bu stansiyaların ölkənin enerji sisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiyası enerji istehsalında səmərəliliyin və idarəetmənin yeni səviyyəsini təmin edir. İki stansiyada il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı, milyonlarla kubmetr təbii qaza qənaət edilməsi və karbon emissiyalarının azaldılması nəzərdə tutulur.
2026-cı il iyulun 11-də Laçında “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” su elektrik stansiyalarının istifadəyə verilməsi rayonun enerji potensialının daha da genişlənməsinə imkan yaradıb. Bu gün Laçının 8-10 MVt həcmində elektrik tələbatı tamamilə yaşıl enerji hesabına qarşılanır. Artıq istehsal olunan elektrik enerjisinin ölkənin enerji sisteminə ötürülməsi isə rayonun yalnız istehlakçı deyil, həm də enerji istehsalçısı kimi əhəmiyyətini göstərir.
Hazırda ümumi gücü 10,7 MVt olan daha 3 yeni su elektrik stansiyasının tikintisinin davam etdirilməsi Laçının enerji gələcəyinə hesablanmış mühüm investisiyadır. Qarşıdakı mərhələdə də hidroenerji imkanlarının genişləndirilməsi rayonun iqtisadi inkişafına, yeni istehsal və xidmət sahələrinin formalaşmasına, əhalinin məşğulluğunun artırılmasına və infrastrukturun dayanıqlılığına mühüm təsir göstərəcək.
Laçının enerji strategiyasının ən diqqətçəkən xüsusiyyətlərindən biri gələcəyə hesablanmasıdır. 2040-cı ildə rayonun elektrik tələbatının 80 MVt-a çatacağı gözlənilir. Mövcud və perspektivdə nəzərdə tutulan su elektrik stansiyaları hesabına bu tələbatın yaşıl enerji ilə qarşılanması planlaşdırılır. Bu, Laçının uzunmüddətli inkişafının ekoloji prinsiplər üzərində qurulduğunu göstərir.
Vaxtilə işğal nəticəsində enerji infrastrukturu dağıdılmış Laçın bu gün bərpa olunan enerji mənbələrinin geniş tətbiq edildiyi müasir rayona çevrilir. Burada suyun enerjiyə, enerjinin isə iqtisadi inkişafa çevrilməsi Qarabağ və Şərqi Zəngəzurun bərpasının mahiyyətini əks etdirir. Laçının yaşıl enerji potensialının reallaşdırılması yalnız rayonun enerji təminatına deyil, bütövlükdə Azərbaycanın enerji təhlükəsizliyinə və “yaşıl artım” strategiyasına mühüm töhfə verir.
Yaşar Nuriyev – Zərdab rayonu Alıcanlı kənd sakini

Şərh yazın