Laçın rayonunun enerji potensialı

Laçın rayonunun enerji potensialı.

 

Dağlıq ərazisi, bol su ehtiyatları və əlverişli təbii şəraiti Laçına yalnız gözəl təbiət bəxş etmir. Bu xüsusiyyətlər rayonun böyük enerji imkanlarına malik olmasına da şərait yaradır. Bu gün Laçında həyata keçirilən layihələr göstərir ki, rayon Azərbaycanın yaşıl enerji siyasətində mühüm yerlərdən birini tutur. 26 Avqust – Laçın Şəhəri Günü münasibətilə rayonun keçdiyi inkişaf yoluna nəzər saldıqda enerji sahəsində görülən işlər xüsusi diqqət çəkir. Laçında suyun gücündən istifadə etməklə elektrik enerjisi istehsal edilir və yaradılan enerji rayonun ehtiyaclarının ödənilməsinə xidmət edir.

Laçının əsas enerji imkanlarından biri su ehtiyatları ilə bağlıdır. Həkəri çayı və onun Hoçaz, Şəlvə və Zabux kimi qolları hidroenerji üçün əlverişli imkan yaradır.  Hazırda Laçın rayonunda 11 su elektrik stansiyası fəaliyyət göstərir. Artıq istehsal olunan elektrik enerjisi isə ümumi enerji şəbəkəsinə ötürülür. Laçında enerji sahəsində görülən işlər bununla məhdudlaşmır. Daha üç su elektrik stansiyasının tikintisi aparılır. Bu stansiyaların ümumi gücü 10,7 meqavat olacaq. Belə layihələr rayonun gələcəkdə artacaq elektrik tələbatının da yaşıl enerji hesabına qarşılanmasına imkan verəcək. Laçında əvvəllər fəaliyyət göstərmiş bir sıra kiçik su elektrik stansiyaları da yenidən qurulub. “Güləbird”, “Alxaslı”, “Mişni”, “Zabux”, “Qarıqışlaq”, “Mirik” və “Aşağı Malıbəyli” stansiyalarının bərpadan sonra istifadəyə verilməsi rayonun enerji imkanlarını daha da artırıb. Laçının enerji potensialında külək enerjisinin də xüsusi yeri var. Rayonun dağlıq əraziləri güclü külək ehtiyatlarına malikdir. Energetika Nazirliyinin məlumatına görə, Laçın və Kəlbəcər ərazilərində külək enerjisinin inkişafı üçün böyük imkanlar mövcuddur. Enerji infrastrukturunun inkişafı rayonun ümumi dirçəlişi üçün də böyük əhəmiyyət daşıyır. Yeni yaşayış məhəllələrinin, məktəblərin, xəstəxanaların, istehsal müəssisələrinin və digər obyektlərin fəaliyyət göstərməsi üçün etibarlı elektrik təchizatı vacibdir. Bu baxımdan Laçında yaradılan enerji sistemi rayonun gələcək inkişafının əsas dayaqlarından biridir.

Bu gün Laçında məqsəd yalnız elektrik enerjisi istehsal etmək deyil. Əsas məqsədlərdən biri təmiz və bərpa olunan enerji mənbələrindən daha geniş istifadə etməklə rayonu müasir və ekoloji baxımdan dayanıqlı yaşayış məkanına çevirməkdir. Laçının yaşıl enerji imkanları bu baxımdan böyük üstünlükdür. 26 Avqust – Laçın Şəhəri Günü bizə qədim şəhərin yenidən qurulduğunu və yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Laçının çayları artıq yalnız təbiətin gözəlliyi deyil, həm də şəhərin və rayonun gələcəyinə xidmət edən enerji mənbəyidir.

Görülən işlər deməyə əsas verir ki, Laçın qarşıdakı illərdə Azərbaycanın yaşıl enerji xəritəsində daha mühüm yer tutacaq. Dağların, çayların və təbii sərvətlərin imkanlarından düzgün istifadə olunması rayonun iqtisadi inkişafına, yeni iş yerlərinin yaranmasına və insanların rifahının yüksəlməsinə mühüm töhfə verəcək.

 

Zərdab rayon Şəftəhal kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sədiyar Xəlilov

Şərh yazın