Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur

Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur.

 

Azərbaycan və Özbəkistan arasında son illərdə sürətlə inkişaf edən əlaqələrin mühüm istiqamətlərindən biri də turizm sahəsində əməkdaşlıqdır. Tarixi-mədəni yaxınlıq, ortaq dəyərlər, zəngin irs və iki ölkə arasında formalaşan dostluq münasibətləri qarşılıqlı turist səfərlərinin artması üçün əlverişli zəmin yaradır. Azərbaycan və Özbəkistanın turizm potensialının qarşılıqlı şəkildə təqdim olunması həm iqtisadi əlaqələrin genişlənməsinə, həm də xalqların bir-birini daha yaxından tanımasına mühüm töhfə verir.

Son dövrdə Özbəkistan vətəndaşlarının Azərbaycana səfərlərinin artması iki ölkə arasında turizm əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycana gələn özbək turistlərinin sayında müşahidə olunan müsbət dinamika ölkəmizin turizm imkanlarına marağın yüksəldiyini nümayiş etdirməklə yanaşı, Bakı ilə Daşkənd arasında humanitar və insanlararası əlaqələrin də gücləndiyini göstərir. Bu proses qarşılıqlı turist axınının gələcəkdə daha da artırılması üçün geniş imkanların olduğunu təsdiqləyir.

Cənab Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində Özbəkistandan Azərbaycana turist səfərlərinin artmasına diqqət çəkərək deyib: “Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur. Ölkəmizi 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı ziyarət edib.”

Dövlət başçısının açıqladığı rəqəmlər turizm sahəsində müsbət dinamikanın formalaşdığını aydın şəkildə göstərir. 2024-cü ildə 46 min Özbəkistan vətəndaşının Azərbaycana səfər etməsi, növbəti ildə bu göstəricinin 62 minə yüksəlməsi turist axınının əhəmiyyətli dərəcədə artdığını nümayiş etdirir. 2026-cı ilin ilk səkkiz ayında qeydə alınan 44 min səfər də qarşılıqlı turizm əlaqələrinin yüksək səviyyədə davam etdiyini göstərən göstəricilərdən biridir.

Azərbaycan öz təbii gözəllikləri, zəngin tarixi-mədəni irsi, müasir turizm infrastrukturu və müxtəlif turizm istiqamətləri ilə Özbəkistan vətəndaşları üçün cəlbedici məkanlardan biridir. Bakı şəhərinin müasir memarlığı ilə tarixi irsin vəhdəti, regionların təbiəti, qədim şəhərlər və mədəniyyət nümunələri ölkəmizə səfər edən turistlər üçün geniş seçim imkanları yaradır. Öz növbəsində Özbəkistanın Səmərqənd, Buxara, Xivə kimi qədim şəhərləri və zəngin mədəni irsi Azərbaycan turistlərinin də marağını cəlb edir.

Turizm əlaqələrinin inkişafı yalnız turist sayının artması baxımından əhəmiyyət daşımır. Qarşılıqlı səfərlər xalqlar arasında birbaşa təmasların genişlənməsinə, mədəniyyətlərin daha yaxından tanınmasına və qarşılıqlı rəğbətin möhkəmlənməsinə xidmət edir. Turist səfərləri zamanı insanlar digər ölkənin tarixi, adət-ənənələri, mətbəxi və gündəlik həyatı ilə yaxından tanış olur. Bu isə dövlətlər arasında mövcud olan dostluq münasibətlərinin cəmiyyətlər səviyyəsində daha da möhkəmlənməsinə şərait yaradır.

 

Talıb Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini

 

Şərh yazın