Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə həmçinin hüquqi çərçivəni yaradır

Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə həmçinin hüquqi çərçivəni yaradır

“Xarici siyasətində ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu sahədə qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini yeni prioritetlər üzrə inkişaf etdirmək istiqamətində mühüm addımlar atır. Qarşılıqlı etimad mühitinin qorunması dövlətimizin xarici siyasətinin əsas prinsiplərindəndir. Azərbaycanı özünə dost, etibarlı tərəfdaş kimi qəbul edən ölkələrdən biri də Latviyadır. Latviya Prezidenti Edqars Rinkeviçsin ölkəmizə rəsmi səfəri iki ölkə arasında münasibətlərin tarixinə nəzər salmağı bir zərurətə çevirir. Belə ki, Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1994-cü ilin yanvarında qurulmuşdur. Azərbaycanın Latviyada Səfirliyi 2005-ci ildə, Latviyanın  Azərbaycanda Səfirliyi 2006-cı ildə açılmışdır. Azərbaycan Latviya ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayan əsas faktorlardan biri təbii ki, qarşılıqlı səfərlərdir.

Ötən müddət ərzində ölkələrimiz arasında qarşılıqlı etimada, anlaşmaya, hörmətə əsaslanan münasibətlər qurulub. Dövlət və hökumət başçıları, parlament sədrləri və hökumət üzvləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. Prezident cənab İlham Əliyevin 2017-ci ildə Latviyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.  Latviya Prezidentinin sözügedən səfəri çərçivəsində Prezidentlərin keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında, Azərbaycan-Latviya biznes-forumundakı çıxışlarda iki ölkə arasında əlaqələrin dünəninə baxış əsasında qarşıdakı dövrün hədəfləri açıqlandı, səfərin əməkdaşlığın  inkişafında rolu xüsusi qeyd edildi. Prezident cənab İlham Əliyev “Əminəm ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq” söyləyərək onu da əlavə etdi ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc-tələbə

Şərh yazın