Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafında mühüm mərhələ olan Ali Dövlətlərarası Şuranın 3-cü iclası avqustun 23-də Daşkənddə keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin həmsədrlik etdiyi iclas iki qardaş ölkənin qarşılıqlı etimada, siyasi həmrəyliyə və konkret əməkdaşlıq layihələrinə əsaslanan münasibətlərinin yüksək səviyyəsini bir daha nümayiş etdirib.
Ali Dövlətlərarası Şura Azərbaycan və Özbəkistan arasında dövlətlərarası əlaqələrin strateji istiqamətlərinin müəyyənləşdirilməsi və əldə olunan razılaşmaların praktiki nəticələrə çevrilməsi baxımından mühüm mexanizmdir. Budəfəki iclasda iki ölkə arasında siyasi dialoqun daha da möhkəmləndirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, investisiya və sənaye əməkdaşlığının artırılması, enerji, nəqliyyat, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi məsələləri geniş müzakirə olunub.
İclasın mühüm nəticələrindən biri qarşılıqlı ticarət dövriyyəsinin artırılması ilə bağlı məqsədlərin müəyyənləşdirilməsi olub. Tərəflər ikitərəfli ticarətin 1 milyard ABŞ dollarına çatdırılması perspektivini müzakirə edib və bu məqsədə nail olmaq üçün konkret tədbirləri nəzərdə tutan Proqram qəbul ediblər. Eyni zamanda, enerji, kimya, mədənçilik, tekstil, kənd təsərrüfatı, şəhərsalma və digər sahələrdə əməkdaşlıq layihələrinin genişləndirilməsi üçün mövcud imkanların səfərbər olunmasının vacibliyi vurğulanıb.
Nəqliyyat və tranzit əməkdaşlığı da iclasın əsas mövzularından biri olub. Azərbaycan və Özbəkistanın Orta Dəhlizin inkişafında maraqlı olması iki ölkənin regional iqtisadi əlaqələrdə rolunu daha da artırır. Tərəflər Transxəzər marşrutunun birgə inkişaf etdirilməsi, logistika infrastrukturunun səmərəliliyinin yüksəldilməsi və daşımaların asanlaşdırılması istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər. Bu istiqamət həm ölkələr arasında iqtisadi əlaqələrin, həm də Şərq-Qərb nəqliyyat bağlantılarının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
İclas çərçivəsində qarşılıqlı investisiyaların təşviqi məsələsinə də xüsusi diqqət yetirilib. Birgə İnvestisiya Şirkətinin imkanlarından daha fəal istifadə etməklə yeni layihələrin maliyyələşdirilməsi və biznes təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulur. Avqustun 23-də bank və maliyyə, tikinti materialları istehsalı, təhsil, neft-qaz, turizm, mənzil tikintisi, mədənçilik və kənd təsərrüfatı sahələrində bir sıra birgə layihələrin işə salınması bu əməkdaşlığın artıq real nəticələr verdiyini göstərib.
Azərbaycan və Özbəkistan arasında əlaqələrin mühüm dayaqlarından biri də humanitar və mədəni əməkdaşlıqdır. İclasda təhsil, gənclər və idman sahələrində qarşılıqlı mübadilələrin davam etdirilməsi, universitetlərarası əlaqələrin genişləndirilməsi barədə razılaşmalar əldə olunub. Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılması və “Yeni Daşkənd”də “Azərbaycan” parkının təməlinin qoyulması iki xalqın tarixi-mədəni bağlarının müasir layihələrdə də öz əksini tapdığını göstərir.
Ali Dövlətlərarası Şuranın 3-cü iclasının nəticələri göstərir ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər yalnız mövcud nailiyyətlərin qorunması ilə kifayətlənmir, həm də yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və gələcəyə hesablanmış böyük layihələrin həyata keçirilməsi mərhələsinə daxil olub. Bu baxımdan Daşkənd görüşü iki qardaş ölkənin müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi yolunda mühüm siyasi və praktiki addım kimi qiymətləndirilə bilər.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru

Şərh yazın