Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı
Azərbaycan xalqının çoxəsrlik tarixində elə hadisələr var ki, onlar xalqın milli kimliyinin, dövlətçilik iradəsinin və gələcək inkişafının müəyyənləşməsində mühüm rol oynayır. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi məhz belə tarixi hadisələrdəndir. Bu Zəfər milli qürurumuzun, Vətən sevgimizin və tarixi ədalətin bərpasının təcəssümünə çevrilmişdir. Şuşa Azərbaycan üçün sadəcə bir şəhər deyil, milli-mənəvi dəyərlərimizin, zəngin mədəniyyətimizin, ədəbiyyatımızın və musiqimizin beşiyidir. XVIII əsrdə Pənahəli xan tərəfindən əsası qoyulan şəhər Qarabağ xanlığının mühüm siyasi və mədəni mərkəzinə çevrilmişdir. Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və digər görkəmli şəxsiyyətlərin adı Şuşa ilə bağlıdır. Buna görə də şəhərin azad edilməsi xalqımız üçün həm hərbi, həm də mənəvi baxımdan müstəsna əhəmiyyət daşıyırdı. Azərbaycanın tarixi Qələbəsinin əsasında Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı güclü dövlətçilik strategiyası dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin davam etdirilməsi, ölkənin müdafiə qüdrətinin artırılması və müasir Azərbaycan Ordusunun formalaşdırılması 2020-ci ildə əldə edilən Zəfərin mühüm amilləri oldu. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyini, Ordumuzun gücünü və milli iradəmizi bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa etdi.
Vətən müharibəsinin ən mühüm və həlledici mərhələlərindən biri Şuşa əməliyyatı oldu. Şəhərin mürəkkəb dağlıq relyefi, sıldırım qayalıqları və strateji mövqeyi əməliyyatı olduqca çətinləşdirirdi. Azərbaycan hərbçiləri ağır təbii-coğrafi şəraitə baxmayaraq, misilsiz qəhrəmanlıq, döyüş əzmi və peşəkarlıq nümayiş etdirərək Şuşanı azad etdilər. Bu əməliyyat Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən birinə çevrildi.
2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Şuşanın azad olunduğunu elan etdi. Dövlət başçısının səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” sözləri xalqımızın yaddaşına əbədi həkk olundu. Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyində həlledici rol oynadı və noyabrın 10-da hərbi əməliyyatların dayandırılması ilə nəticələnən üçtərəfli Bəyanatın imzalanmasına zəmin yaratdı. Şuşa Zəfəri yalnız hərbi qələbə deyil, həm də milli-mədəni irsimizin yenidən dirçəlişinin başlanğıcıdır. Şəhər azad edildikdən sonra burada genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş, 2022-ci il ölkəmizdə “Şuşa İli” kimi qeyd olunmuşdur. Sonrakı illərdə şəhərin “Türk dünyasının mədəniyyət paytaxtı” və “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi onun beynəlxalq nüfuzunu daha da artırmışdır. Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər mədəni tədbirlər şəhərin tarixi missiyasının bərpasına xidmət edir. Eyni zamanda, tarixi abidələrin bərpası, infrastrukturun yenilənməsi və 2024-cü ildə təsdiqlənmiş Baş Plan əsasında həyata keçirilən quruculuq işləri Şuşanın gələcək inkişafının əsasını təşkil edir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma şəhərə qayıdışı xüsusi əhəmiyyət daşıyır. 2024-cü il mayın 11-dən Şuşaya sakinlərin qayıdışına başlanılması uzun illər davam edən Vətən həsrətinin sona çatmasının mühüm göstəricisidir. Doğma yurdda həyatın yenidən canlanması Zəfərimizin real nəticələrini nümayiş etdirir.
Şuşa Zəfərinin gənc nəslə aşılanması da mühüm əhəmiyyət kəsb edir. Xüsusilə tarix və coğrafiya fənlərinin tədrisində Şuşanın tarixi, coğrafi mövqeyi, təbii xüsusiyyətləri və mədəni irsi haqqında biliklərin verilməsi şagirdlərin milli-mənəvi dəyərlərə bağlılığını və vətənpərvərlik ruhunu gücləndirir. Gənc nəslin qəhrəmanlıq tariximizi dərindən öyrənməsi gələcək nəsillərin dövlətçilik ənənələrinə hörmət ruhunda yetişməsinə xidmət edir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 8-nin Şuşa Şəhəri Günü kimi təsis edilməsi bu tarixi hadisənin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmin gün həm də Zəfər Günü kimi xalqımız tərəfindən böyük qürur və sevinc hissi ilə qeyd olunur.
DəryaƏhmədova
Şıxbağıkənd tam orta ümumtəhsil məktəbinin direktoru “Tərəqqi” medallı

Şərh yazın