Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir.
Hər bir dövlətin gücünü onun hərbi potensialı və müdafiə qabiliyyəti də müəyyən edir. Silahlı Qüvvələrin gücü təkcə ölkənin hərbi qüdrəti demək deyil, bu, eyni zamanda, dövlətin beynəlxalq siyasət və təhlükəsizlik arenasında mövqeyinin qorunması baxımından əhəmiyyətli faktordur. Qürur hissi ilə deyə bilərik ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan həm də güclü və rəşadətli orduya malikdir.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.
Azərbaycan Ordusu qüdrətini döyüş meydanında nümayiş etdirdi. Ordumuzun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyilə uğurlu hərbi əməliyyatlar apararaq 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi, düşmənin məğlub olaraq qarşımızda diz çökməsi və təslim olması xalqımızın tarixi missiyasını uğurla yerinə yetirdiyinin təsdiqi oldu. İqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə uğurlar və bütün bunları təmin və təşkil edən, mümkün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi liderin olması Vətən müharibəsində Qələbəni şərtləndirən əsas amillər oldu.
3000 metr yüksəklikdə, dağlıq ərazidə aviasiya qüvvələrini cəlb etmədən düşməni susduran ordumuz döyüş taktikası baxımından hərb tariximizin yeni uğurlu bir səhifəsini yazdı. Nə Ermənistanın gücləndirilmiş bunkerləri, nə qurduğu postlar qəhrəman əsgərlərimizin müqavimətini qıra bilmədi, düşmən tez bir zamanda neytrallaşdırıldı.
Bu, hər zaman belə olacaq, ermənilər hər bir həmləyə, təxribata görə layiqli cəzasını alacaq, çünki Azərbaycan Ordusu düşmənin təxribatlarına mətinliklə cavab verməyə qadirdir.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin direktoru

Şərh yazın