Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüs.
15 dekabr 2025-ci ildə ölkə Dövlət başçımız cənab İlham Əliyev suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində bərqərar olmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq amnistiya elan edilməsi təşəbbüsünü irəli sürmüşdür. Bu təşəbbüsün əsasında cəzadan azad olunacaq şəxslərin ölkəmizin inkişafında fəal şəkildə iştirak edəcəklərinə inam və bu humanist addımın tərbiyəvi əhəmiyyətinə güvən dayanır. Amnistiya aktının layihəsində xüsusilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə üstünlük verilməsi siyasi-hüquqi baxımdan prinsipial yanaşmadır. Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlar zamanı həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının amnistiya dairəsinə daxil edilməsi dövlətin öz vətəndaşına olan mənəvi borcunun ifadəsidir. Eyni zamanda, Ermənistan Respublikasının hərbi təxribatları nəticəsində mülki əhaliyə qarşı törədilmiş əməllərdən zərər çəkmiş, əlil olmuş şəxslərin bu aktda nəzərə alınması beynəlxalq humanitar hüququn və sosial ədalət prinsipinin milli hüquq sistemində tətbiqinin bariz nümunəsidir. Layihə yalnız müharibə iştirakçılarını deyil, eyni zamanda cəmiyyətin həssas sosial qruplarını da əhatə edir. Qadınlar, 60 yaşına çatmış şəxslər, cinayəti törədərkən yetkinlik yaşına çatmayanlar, eləcə də böyük ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunan şəxslər üçün cəzadan azad olunma və ya cəzanın azaldılması nəzərdə tutulur. Bu, cəza siyasətində fərdiləşdirilmiş və islahyönümlü yanaşmanın gücləndiyini göstəricisidir. Dövlət başçımız İlham Əliyevin təklifi ilə irəli sürülən bu amnistiya aktı tətbiq ediləcəyi şəxslərin sayına görə müstəqil Azərbaycanın tarixində ən genişmiqyaslı amnistiyadır. Ümumilikdə, akt 20 mindən çox şəxsə şamil olunacaq. Onlardan 5 mindən artıq məhkumun azadlıqdan məhrum etmə cəzasından tam azad ediləcəyi, 3 mindən çox şəxsin cəzasının azaldılacağı, minlərlə məhkumun isə alternativ cəzalardan və ya cinayət məsuliyyətindən azad ediləcəyi gözlənilir. Prezident cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın elan edilməsi təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin hüquqi, siyasi və mənəvi əsaslarını üzvi şəkildə birləşdirən mühüm dövlətçilik aktıdır. Bu təşəbbüs sübut edir ki, dövlətimiz əldə etdiyi suverenliyi yalnız ərazi bütövlüyünün bərpası ilə deyil, eyni zamanda Konstitusiyanın ruhuna uyğun olaraq insan hüquq və azadlıqlarının təmin edilməsi, sosial ədalətin qorunması və hüquqi sabitliyin möhkəmləndirilməsi yolu ilə dərinləşdirir. Amnistiya aktı postmüharibə mərhələsində cəmiyyətin sosial gərginliyin azaldılmasına və hüquqi reinteqrasiyanın genişlənməsinə xidmət edən strateji addımdır. Bu addım dövlətin gücünü cəza sərtliyində deyil, hüquqi məsuliyyət və humanist idarəetmə fəlsəfəsində gördüyünü bir daha təsdiqləyir. Eyni zamanda, Konstitusiyanın ali hüquqi sənəd kimi praktik icrası suveren qərarvermə mexanizminin institusional yetkinliyini nümayiş etdirir.
Zərdab Rayon ağsaqqalı-Babək Əliyev.

Şərh yazın