Bu gün Azərbaycan artıq yeni tarixi mərhələdə inkişaf edir
Vətən müharibəsinin iştirakçılarının müxtəlif orden və medallarla təltif edilməsi də onların xidmətlərinə verilən yüksək qiymətin göstəricisidir. Prezidentin sərəncamları ilə 160 minə yaxın müharibə iştirakçısı müxtəlif dövlət təltiflərinə layiq görülüb.
Bütün bu tədbirlərin əsas məqsədi şəhid ailələrinin sosial problemlərinin həllinə kömək etmək, qazilərin normal həyata qayıtmasına dəstək olmaq və onların dövlət qayğısı ilə əhatə olunmasını təmin etməkdir.
Şəhid ailələrinə və qazilərə göstərilən diqqət yalnız sosial yardım məsələsi deyil. Bu, həm də dövlətin öz qəhrəmanlarına, Vətən uğrunda fədakarlıq göstərən insanlara olan ehtiramının ifadəsidir. Hər bir şəhid ailəsi bilməlidir ki, onların övladlarının, həyat yoldaşlarının və yaxınlarının Vətən qarşısında xidmətləri heç vaxt unudulmayacaq.
Bu gün Azərbaycan artıq yeni tarixi mərhələdə inkişaf edir. Torpaqlarımızın işğaldan azad edilməsi və dövlət suverenliyimizin tam bərpa olunması ölkəmizin gələcək inkişafı üçün yeni imkanlar yaradıb.
Əvvəllər işğal səbəbindən istifadə edə bilmədiyimiz geniş ərazilərimizdə indi quruculuq və abadlıq işləri aparılır. Yeni yollar, yaşayış məntəqələri, sosial obyektlər və istehsal müəssisələri yaradılır. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ümumi iqtisadi inkişafında mühüm yer tutmağa başlayır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq”.
Bu gün həmin fikirlərin real nəticələrini azad edilmiş ərazilərdə görmək mümkündür. Bir vaxtlar dağıdılmış və boş qalmış yaşayış məntəqələrində yeni evlər tikilir, məktəblər fəaliyyətə başlayır, yollar salınır, parklar və istirahət məkanları yaradılır. Doğma yurdlarına qayıdan ailələr öz həyatlarını yenidən qururlar.
Azad edilmiş torpaqlarda həyata keçirilən layihələr Azərbaycanın gələcək iqtisadi inkişafına da böyük töhfə verəcək. Burada kənd təsərrüfatının inkişafı, turizm imkanlarının genişləndirilməsi, sənaye müəssisələrinin yaradılması və yeni iş yerlərinin açılması üçün geniş potensial var.
Bu torpaqlarda həyatın yenidən canlanması həm də tarixi ədalətin tam mənada bərpasıdır. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanlar artıq öz torpaqlarında yaşamaq, işləmək və gələcək nəsillərini burada böyütmək imkanı əldə edirlər.
8 Noyabr – Zəfər Günü hər bir azərbaycanlı üçün böyük qürur və fəxr mənbəyidir. Bu tarix bizə bir daha göstərir ki, xalq bir məqsəd ətrafında birləşəndə, dövlət güclü olanda və ordu öz vəzifəsini layiqincə yerinə yetirəndə ən çətin problemləri belə həll etmək mümkündür.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

Şərh yazın