Şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin təmin olunması Azərbaycan dövlətinin əsas diqqət göstərdiyi məsələlərdən biridir
Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər yalnız evlərin tikilməsi ilə məhdudlaşmır. Burada müasir yollar çəkilir, tunellər və körpülər inşa olunur, hava limanları istifadəyə verilir, dəmir yolu xətləri və digər nəqliyyat infrastrukturu yaradılır. Elektrik və su təchizatı sistemləri qurulur, yaşayış məntəqələri yenidən salınır.
Azad edilmiş ərazilərin iqtisadi potensialının bərpası da diqqət mərkəzindədir. Bu torpaqlarda kənd təsərrüfatının, turizmin, sənayenin və digər sahələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişaf etdirilməsi və insanların məşğulluğunun təmin olunması Böyük Qayıdışın əsas istiqamətlərindəndir.
2020-ci ildən 2026-cı il də daxil olmaqla azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. 2027-ci ildə isə bu məqsədlə 3,4 milyard manat vəsait nəzərdə tutulub.
Bütün bunlar göstərir ki, Azərbaycan dövləti azad edilmiş torpaqların yenidən qurulmasını ölkənin əsas prioritetlərindən biri hesab edir.
Böyük Qayıdışın ən böyük mənası isə insanların öz doğma torpaqlarında yenidən yaşamağa başlamasıdır. Çünki bir ərazinin həqiqi mənada dirçəlməsi yalnız yeni binaların tikilməsi ilə deyil, orada insanların yaşaması, işləməsi, uşaqların məktəbə getməsi, ailələrin qurulması və gündəlik həyatın bərpa olunması ilə mümkündür.
Vətən müharibəsində əldə edilən Qələbə böyük sevinc və qürur mənbəyimiz olsa da, bu Qələbənin hansı ağır itkilər hesabına qazanıldığını heç vaxt unutmamalıyıq. Vətən uğrunda canından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin və müharibə iştirakçılarının xidmətləri xalqımızın yaddaşında daim yaşayacaq.
Şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin təmin olunması Azərbaycan dövlətinin əsas diqqət göstərdiyi məsələlərdən biridir. Müharibədən sonra onların həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli, mənzil təminatı, məşğulluq imkanlarının artırılması və tibbi xidmətlə təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Şəhid ailələrinə mənzillərin verilməsi, qazilərin müasir protez və reabilitasiya vasitələri ilə təmin edilməsi, onların müalicə və reabilitasiyasının təşkili dövlət qayğısının əsas istiqamətlərindəndir.
2026-cı ilin oktyabr ayına olan məlumata görə, sosial dəstək paketi çərçivəsində şəhid ailələri və müharibə iştirakçılarından ibarət 132 min şəxsə 450 minə yaxın xidmət göstərilib. Onlara 7 400-ə yaxın mənzil və 600-ə yaxın avtomobil təqdim olunub. Eyni zamanda, 106 min şəxsə 120 min aylıq sosial ödəniş təyin edilib, 31 minədək şəxsin məşğulluğu təmin olunub.
Bu işlərdə “YAŞAT” Fondunun da xüsusi rolu var. Fond şəhid ailələrinin və qazilərin qarşılaşdıqları problemlərin həllinə dəstək göstərir, onların ehtiyaclarının qarşılanması üçün müxtəlif layihələr həyata keçirir. İndiyədək Fond 20 minə yaxın şəxsi öhdəliyə götürərək bu istiqamətdə 100 milyon manata yaxın vəsait yönəldib.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru

Şərh yazın