Qazanılan Qələbə yalnız bu gün yaşayan insanların deyil, gələcək nəsillərin də qürur duyacağı böyük tarixi hadisədir
2020-ci ildə qazanılan Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində çox mühüm mərhələ olsa da, ölkəmizin bütün ərazilərində dövlət suverenliyinin tam təmin olunması qarşıda duran əsas vəzifələrdən biri idi.
2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması dövlətimizin öz suveren hüquqlarını həyata keçirməsi baxımından mühüm hadisə oldu.
Həmin ilin sentyabr ayında isə Qarabağ iqtisadi rayonunda vəziyyət yenidən gərginləşdi. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin hərbi təxribatlarının qarşısının alınması və ölkəmizin konstitusiya quruluşunun bərpası məqsədilə sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində qısa müddətdə qarşıya qoyulan məqsədlərə nail olundu. Beləliklə, ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi.
2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltması bu tarixi hadisələrin ən yaddaqalan anlarından biri oldu. Uzun illər işğal altında qalmış torpaqlarımızda dövlət bayrağımızın dalğalanması Azərbaycan xalqının qürurunu daha da artırdı.
2024-cü ildə Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə sentyabrın 20-si ölkəmizdə bu mühüm tarixi hadisənin rəmzi kimi qeyd olunmağa başladı.
Beləliklə, 2020-ci ildə Şuşanın azad edilməsi ilə başlayan tarixi Qələbə prosesi 2023-cü ildə ölkəmizin bütün ərazilərində dövlət suverenliyinin tam bərpası ilə yeni mərhələyə qədəm qoydu. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edən dövlət kimi yeni inkişaf imkanları qazandı.
Qazanılan Qələbə yalnız bu gün yaşayan insanların deyil, gələcək nəsillərin də qürur duyacağı böyük tarixi hadisədir. Ona görə də Azərbaycan dövləti Zəfər tarixinin yaşadılması, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və müharibə iştirakçılarının qəhrəmanlığının gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görür.
2020-ci il noyabrın 26-da qəbul edilən qanunla “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin Vətən müharibəsində göstərilən qəhrəmanlığa və döyüş xidmətlərinə görə müxtəlif orden və medallar təsis edildi. Bu təltiflər Vətən uğrunda döyüşən insanların xidmətlərinə verilən yüksək qiymətin göstəricisidir.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan edildi. Həmin il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilən Zəfər paradı xalqımızın tarixi Qələbəsinin və Azərbaycan Ordusunun gücünün nümayişinə çevrildi.
2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılması da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Burada nümayiş etdirilən hərbi texnika və digər materiallar Vətən müharibəsinin necə çətin şəraitdə aparıldığını gələcək nəsillərə göstərir.
2025-ci il noyabrın 8-də Zəfər Muzeyinin açılması da xalqımızın tarixi yaddaşının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu muzey Qələbəyə aparan yolu, müharibənin ağır günlərini, əsgər və zabitlərimizin qəhrəmanlığını, şəhidlərimizin fədakarlığını gələcək nəsillərə çatdıran mühüm məkanlardan biridir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

Şərh yazın