Çoxşaxəli və effektiv xarici siyasət
Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi çoxşaxəli və praqmatik xarici siyasət strategiyası ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə, milli maraqlarının beynəlxalq müstəvidə müdafiəsinə və etibarlı tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinə xidmət etmişdir. Xarici siyasətin əsas istiqamətlərindən biri beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşdirilməsi, eləcə də regional və qlobal məsələlərin həllində fəal iştirakın təmin olunması olmuşdur.
Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsi boyunca beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq münaqişənin həlli istiqamətində beynəlxalq təşkilatlarla ardıcıl əməkdaşlıq aparmış, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması və dəstəklənməsi üçün geniş diplomatik fəaliyyət həyata keçirmişdir. Bu çərçivədə Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalar çərçivəsində müvafiq sənədlərin və qətnamələrin qəbul edilməsi ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyinin ifadə olunmasında mühüm rol oynamışdır. Xüsusilə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təsdiq edilmiş, işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılması tələb olunmuşdur. Həmin sənədlər münaqişənin beynəlxalq hüquqi çərçivəsinin formalaşması və Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə təsbit edilməsi baxımından mühüm əhəmiyyət daşımışdır.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, çoxtərəfli diplomatiyanın inkişafı və qlobal problemlərin həllinə töhfə verilməsi istiqamətində fəal təşəbbüslər irəli sürülmüşdür. Ölkəmizin bu təşkilat çərçivəsində nümayiş etdirdiyi fəallıq beynəlxalq nüfuzunun artmasına, müxtəlif regionları təmsil edən dövlətlərlə siyasi dialoqun genişlənməsinə və yeni tərəfdaşlıq imkanlarının yaranmasına şərait yaratmışdır. Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qurulan əlaqələr də Azərbaycanın xarici siyasətində mühüm yer tutmuşdur. Tarixi, dini, mədəni və ortaq maraqlara əsaslanan əməkdaşlıq münasibətləri siyasi həmrəyliyin möhkəmləndirilməsinə, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsinə, eləcə də Azərbaycanın beynəlxalq təşəbbüslərinə dəstəyin artırılmasına imkan vermişdir.
Avropa İttifaqı ilə münasibətlərin inkişafı da Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika, ticarət, investisiya və regional bağlantılar sahələrində qurulan əməkdaşlıq Avropa ilə əlaqələrin strateji əhəmiyyətini artırmışdır. Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri müxtəlif beynəlxalq güc mərkəzləri ilə balanslaşdırılmış münasibətlərin qorunması, regional proseslərdə müstəqil mövqenin nümayiş etdirilməsi və milli maraqlara uyğun qərarların qəbul olunmasıdır. Bu yanaşma ölkəmizə beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirmək, iqtisadi və siyasi əlaqələri şaxələndirmək, beynəlxalq platformalarda təşəbbüskar dövlət kimi çıxış etmək imkanı yaratmışdır.
Çoxşaxəli xarici siyasət strategiyası nəticəsində Azərbaycan beynəlxalq təşkilatlarda fəal iştirak edən, regional və qlobal əhəmiyyətli məsələlər üzrə təşəbbüslər irəli sürən, müxtəlif dövlətlər arasında əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verən ölkə kimi mövqelərini möhkəmləndirmişdir. Bu siyasət milli təhlükəsizlik maraqlarının təmin edilməsi, dövlət suverenliyinin qorunması, beynəlxalq nüfuzun artırılması və Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

Şərh yazın