Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin əsas qanunu olmaqla, ölkəmizin hüquqi, siyasi və ictimai həyatının əsas istiqamətlərini müəyyən edir

Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin əsas qanunu olmaqla, ölkəmizin hüquqi, siyasi və ictimai həyatının əsas istiqamətlərini müəyyən edir

 

Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarına geniş yer verilməsi, hər bir şəxsin hüquqlarının qorunmasının dövlətin əsas vəzifələrindən biri kimi müəyyən edilməsidir. Çünki dövlətin gücü yalnız iqtisadi inkişafı, hərbi qüdrəti və beynəlxalq nüfuzu ilə deyil, həm də öz vətəndaşlarının hüquqlarına nə dərəcədə hörmət etməsi və onların təhlükəsiz, azad və layiqli həyat şəraiti ilə təmin olunması ilə ölçülür.

12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarını yaratmaqla yanaşı, insan hüquq və azadlıqlarının qorunması istiqamətində də mühüm mərhələnin başlanğıcı olmuşdur. Konstitusiyanın qəbul edilməsi Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atdığı ən mühüm addımlardan biri idi. Əsas Qanunda insanın hüquq və azadlıqları dövlətin ali məqsədi kimi müəyyən olunmuşdur. Bu yanaşma dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını göstərir.

Konstitusiyanın 12-ci maddəsində qeyd olunur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu müddəa hər bir vətəndaş üçün böyük əhəmiyyət daşıyır. Çünki insanın gündəlik həyatında qarşılaşdığı bütün məsələlər – təhsil almaq, işləmək, sağlamlığını qorumaq, mülkiyyətə sahib olmaq, fikir bildirmək və cəmiyyətdə sərbəst yaşamaq kimi hüquqların hüquqi təminatı məhz Konstitusiya ilə müəyyən edilir. Başqa sözlə, Konstitusiya hər bir insanın hüquqlarını qoruyan, onun cəmiyyətdəki yerini və dövlət qarşısındakı hüquqi təminatlarını müəyyənləşdirən əsas sənəddir.

İnsan hüquqlarının ən mühüm xüsusiyyətlərindən biri onların hər kəsə bərabər şəkildə aid olmasıdır. Konstitusiyaya əsasən, hər bir insan qanun və məhkəmə qarşısında bərabərdir. İnsanların milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial vəziyyətindən, siyasi baxışlarından və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların hüquq və azadlıqları eyni səviyyədə qorunmalıdır. Bu prinsip cəmiyyətdə ayrı-seçkiliyin qarşısının alınmasına, insanlar arasında qarşılıqlı hörmətin və etimadın möhkəmlənməsinə xidmət edir.

Bu gün hər bir insanın azad və təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Konstitusiya hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququnu tanıyır. İnsan həyatı ən ali dəyər hesab olunur. Heç kəs qanunsuz olaraq azadlıqdan məhrum edilə, onun şəxsi həyatına əsassız müdaxilə edilə bilməz. Hər bir şəxsin şəxsi və ailə həyatının sirrini saxlamaq, mənzil toxunulmazlığına, şərəf və ləyaqətinin müdafiəsinə malik olmaq hüququ vardır. Bu hüquqlar insanların özlərini cəmiyyətdə güvənli hiss etmələri üçün mühüm təminat yaradır.

 

İman Əsədli – Dəkkəoba kənd sakini, fəal gənc

 

Şərh yazın