Hər bir dövlətin müstəqilliyini, suverenliyini, idarəçilik sistemini və gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas sənəd onun Konstitusiyasıdır

Hər bir dövlətin müstəqilliyini, suverenliyini, idarəçilik sistemini və gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas sənəd onun Konstitusiyasıdır

 

Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyən etməklə yanaşı, cəmiyyətin həyatında mühüm yer tutur, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, qanunun aliliyinin təmin edilməsinə xidmət edir. Azərbaycan xalqı üçün də Konstitusiya müstəqil dövlətçiliyimizin möhkəmlənməsini, milli iradəmizin və hüquqi dəyərlərimizin ifadəsini özündə əks etdirən ən mühüm sənəddir.

Hər il noyabrın 12-də Azərbaycanda Konstitusiya Günü qeyd olunur. Bu tarix xalqımızın müstəqil dövlət quruculuğu tarixində mühüm hadisə ilə bağlıdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir. Bu sənəd ölkəmizin müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoymuş, müstəqil Azərbaycanın hüquqi, siyasi və idarəçilik əsaslarını müəyyən etmişdir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin yeni Konstitusiyasının hazırlanması mühüm zərurətə çevrilmişdi. Çünki müstəqil dövlətin öz idarəçilik sistemi, qanunları, vətəndaş hüquqlarını qoruyan hüquqi mexanizmləri olmalı idi. Həmin dövrdə ölkədə mürəkkəb ictimai-siyasi proseslər baş verir, müstəqilliyin möhkəmləndirilməsi və dövlət quruculuğunun həyata keçirilməsi istiqamətində ciddi addımlar atılırdı.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsi geniş ictimai müzakirələrdən sonra ümumxalq səsverməsinə çıxarıldı. 1995-ci il noyabrın 12-də keçirilən referendumda Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq ölkənin əsas qanununu qəbul etdi. Bununla da müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun möhkəm təməli yaradıldı.

Konstitusiyanın qəbul edilməsi yalnız yeni bir qanunun təsdiqlənməsi deyildi. Bu, eyni zamanda, Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etmək yolunu seçdiyini təsdiqləyən mühüm tarixi qərar idi. Əsas Qanun ölkəmizdə dövlət hakimiyyətinin təşkilini, hakimiyyət orqanlarının səlahiyyətlərini, vətəndaşların hüquq və vəzifələrini müəyyən etdi.

Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarına geniş yer verilməsidir. Sənəddə hər bir insanın yaşamaq, təhsil almaq, işləmək, istirahət etmək, mülkiyyət sahibi olmaq, sağlamlığını qorumaq və digər hüquqları təsbit olunmuşdur. Bu hüquqlar insanların cəmiyyətdə layiqli həyat sürməsi, öz imkanlarından istifadə etməsi və gələcəyini sərbəst şəkildə qurması üçün mühüm əhəmiyyət daşıyır.

Əsas Qanunun əsas prinsiplərindən biri də bütün insanların qanun qarşısında bərabər olmasıdır. Konstitusiyaya əsasən, hər kəsin hüquq və azadlıqları bərabər şəkildə tanınır və dövlət tərəfindən qorunur. İnsanların milli, dini, irqi, dil və sosial mənsubiyyətindən asılı olmayaraq, hüquqlarının təmin edilməsi demokratik cəmiyyətin əsas göstəricilərindəndir. Bu yanaşma ölkəmizdə milli həmrəyliyin, qarşılıqlı hörmətin və tolerantlıq mühitinin qorunmasına da mühüm töhfə verir.

 

Eltun Məmmədli – Zərdab şəhər sakini, fəal gənc

 

Şərh yazın