Üçrəngli bayrağımız yenidən mavi göylərdə dalğalanır – müstəqil Azərbaycanın Dövlət Bayrağının rəsmiləşdirilməsi

Üçrəngli bayrağımız yenidən mavi göylərdə dalğalanır – müstəqil Azərbaycanın Dövlət Bayrağının rəsmiləşdirilməsi

Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpası milli tariximizin ən mühüm hadisələrindən biridir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə xalqımız öz suveren hüquqlarını yenidən bərpa etdi və Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bütün dünyaya bəyan etdi.

Bu tarixi sənəd Azərbaycanın siyasi və hüquqi həyatında yeni dövrün başlanğıcını qoydu. Dövlət müstəqilliyinin bərpası ilə yanaşı, xalqımızın milli dövlətçilik ənənələrinin, tarixi irsinin və dövlət rəmzlərinin də bərpası təmin edildi. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq müstəqil dövlətimizin əsas atributlarından biri kimi yenidən təsdiqini tapdı. Bu, sadəcə, dövlət rəmzinin bərpası deyildi. Bu addım xalqımızın tarixi varisliyinin, milli kimliyinin və müstəqil yaşamaq əzminin təntənəsi idi.

Üçrəngli bayrağın bərpasına aparan yolda Ümummilli Lider Heydər Əliyevin 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində həyata keçirdiyi təşəbbüs mühüm rol oynamışdı. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti bayrağımızı dövlət rəmzi kimi yenidən qəbul etmişdi. 1991-ci il oktyabrın 18-də müstəqilliyimizin bərpası bu tarixi prosesin məntiqi yekunu oldu. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsi müasir Azərbaycan Respublikasında davam etdirildi.

Sonrakı illərdə dövlət bayrağımız ölkənin siyasi həyatında, beynəlxalq münasibətlərində və milli-mənəvi dəyərlər sistemində mühüm yer tutdu. Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunması, diplomatik nümayəndəliklərimizin fəaliyyət göstərməsi və idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlar bayrağımızın nüfuzunu daha da yüksəltdi.

2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra üçrəngli bayrağımızın işğaldan azad edilmiş ərazilərimizdə ucaldılması onun müstəqillik və suverenlik rəmzi kimi mənasını daha da gücləndirdi. Bu gün Azərbaycan Bayrağı dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin, xalqımızın birliyinin və müstəqil gələcəyimizin rəmzidir. Onun hər zaman uca tutulması hər birimizin müqəddəs vəzifəsidir.

 

Raqib Əsədov – Zərdab rayonu Alıcanlı kənd sakini

Şərh yazın