Çoxşaxəli və effektiv xarici siyasət

Çoxşaxəli və effektiv xarici siyasət

Müstəqil dövlətin beynəlxalq aləmdə nüfuzunun artırılması, milli maraqlarının qorunması və strateji tərəfdaşlıqlarının genişləndirilməsi düzgün və balanslaşdırılmış xarici siyasətdən birbaşa asılıdır. Azərbaycan bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl, çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət həyata keçirərək beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.

Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızın işğalı dövründə diplomatik fəaliyyət dövlət siyasətinin mühüm istiqamətlərindən biri idi. Azərbaycan beynəlxalq təşkilatlarda öz haqlı mövqeyini müdafiə edir, münaqişənin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırır və beynəlxalq hüququn prinsiplərinin tətbiqinə çalışırdı.

BMT, Qoşulmama Hərəkatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda Azərbaycanın fəal iştirakı ölkəmizin diplomatik imkanlarını genişləndirdi. Xüsusilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edirdi.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı mövqelər onun milli maraqlarını daha qətiyyətlə müdafiə etməsinə imkan yaratdı. Ölkəmiz müxtəlif dövlətlərlə qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında münasibətlər qurdu.

2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycanın diplomatik mövqeyi və Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr xüsusi əhəmiyyət kəsb etdi. Dövlət başçısı ölkəmizin haqlı mövqeyini faktlar və beynəlxalq hüquq normaları əsasında dünya ictimaiyyətinə çatdırdı. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququ beynəlxalq hüququn prinsipləri ilə əsaslandırıldı.

Müharibədən sonrakı dövrdə də xarici siyasət ölkəmizin suverenliyinin möhkəmləndirilməsinə, regional əməkdaşlığın genişləndirilməsinə və sülh gündəliyinin irəli aparılmasına xidmət edir. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, mühüm enerji və nəqliyyat mərkəzi, regional təşəbbüslərin müəllifi kimi tanınır. Zəfərimiz sübut etdi ki, güclü diplomatiya, prinsipial mövqe və milli maraqlara sədaqət dövlətin tarixi məqsədlərinə çatmasında mühüm rol oynayır.

 

Bəylər Cəfərov – Zərdab rayonu Alıcanlı kənd sakini

 

Şərh yazın