Büdcədə hərbi xərclərin artması Silahlı Qüvvələrimizi daha da gücləndirirdi
Hər bir müstəqil dövlətin təhlükəsizliyinin və suverenliyinin əsas təminatlarından biri güclü, müasir və döyüş qabiliyyətli orduya malik olmasıdır. Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə bu həqiqəti düzgün qiymətləndirərək müdafiə potensialının artırılmasını dövlət siyasətinin başlıca istiqamətlərindən birinə çevirdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu ardıcıl və sistemli şəkildə həyata keçirildi. Dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin artırılması Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir silah və texnika ilə təchizatına geniş imkanlar yaratdı.
Azərbaycan Ordusunun gücləndirilməsi yalnız silah-sursat alınması ilə məhdudlaşmırdı. Hərbi təhsil sisteminin təkmilləşdirilməsi, zabit və əsgərlərin peşəkarlığının yüksəldilməsi, hərbi hissələrin müasir standartlara uyğun qurulması, döyüş hazırlığının artırılması da diqqət mərkəzində saxlanılırdı.
Ölkəmiz hərbi texnika və silahların alınmasında müxtəlif dövlətlərlə əməkdaşlıq edərək bir mənbədən asılılığın qarşısını almağa çalışırdı. Müasir artilleriya sistemləri, zirehli texnika, aviasiya vasitələri, pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli silahlar ordunun arsenalına daxil edildi. Yeni texnologiyaların tətbiqi Azərbaycan Ordusunun döyüş imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdi.
Bütün bu tədbirlər 2020-ci ildə Vətən müharibəsi zamanı öz real nəticəsini göstərdi. Azərbaycan Ordusu müasir döyüş taktikasından və texnoloji üstünlüklərdən istifadə edərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirdi. 44 gün ərzində əldə edilən qələbələr ordumuzun illərlə aparılan hazırlığının, yüksək peşəkarlığının və döyüş əzminin göstəricisi oldu.
Şuşanın azad edilməsi isə Azərbaycan hərb tarixində misilsiz qəhrəmanlıq nümunəsinə çevrildi. Dağlıq ərazidə, mürəkkəb şəraitdə həyata keçirilən əməliyyatlar hərbçilərimizin hazırlığını, cəsarətini və Vətənə bağlılığını bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri kimi ölkəmizin təhlükəsizliyinin başlıca təminatıdır. Zəfər Günü bizə bir daha xatırladır ki, güclü dövlət, güclü iqtisadiyyat və güclü ordu milli müstəqilliyin etibarlı dayaqlarıdır.
Yaşar Nuriyev – Zərdab rayonu Alıcanlı kənd sakini

Şərh yazın