9 noyabr – Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın simvoludur

9 noyabr – Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın simvoludur

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik ənənələrinə bağlılığını və müstəqillik əzmini özündə birləşdirən əlamətdar tarixdir. Bu gün hər bir azərbaycanlı üçün sadəcə təqvim bayramı deyil, milli kimliyimizin, suverenliyimizin və azadlığımızın rəmzinə çevrilmiş üçrəngli bayrağımıza ehtiram günüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur. Əmək Məcəlləsinə edilmiş müvafiq dəyişikliklə bu tarix qeyri-iş günü elan edilmişdir. Bu qərar dövlət rəmzlərimizə göstərilən diqqətin və milli-mənəvi dəyərlərimizin qorunmasına verilən önəmin bariz nümunəsidir.

Azərbaycan Bayrağı xalqımızın əsrlər boyu yaşatdığı azadlıq və istiqlal arzularının ifadəsidir. Onun hər bir rəngi, üzərindəki aypara və səkkizguşəli ulduz dərin məna daşıyır. Bayrağımız tariximizin şanlı səhifələrini, milli birliyimizi və gələcəyə inamımızı özündə əks etdirir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan Bayrağının mahiyyətini yüksək qiymətləndirərək bildirmişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”. Bu fikir dövlət bayrağının xalqımızın həyatında tutduğu mövqeyi və mənəvi əhəmiyyətini aydın ifadə edir.

Bu gün üçrəngli bayrağımız ölkəmizin bütün guşələrində, dövlət müəssisələrində, təhsil ocaqlarında, hərbi hissələrdə və beynəlxalq tədbirlərdə qürurla dalğalanır. Xüsusilə torpaqlarımızın işğaldan azad edilməsindən sonra bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda ucaldılması milli tariximizin ən qürurverici hadisələrindən birinə çevrilmişdir.

Azərbaycan Bayrağı bu gün müstəqil dövlətimizin gücünü, xalqımızın birliyini və suverenliyimizin dönməzliyini nümayiş etdirir. Onu qorumaq, uca tutmaq və gələcək nəsillərə ötürmək hər bir vətəndaşın mənəvi borcudur. Dövlət Bayrağı Gününün əsas mahiyyəti də məhz budur: müstəqilliyimizə sahib çıxmaq, dövlətçilik dəyərlərimizi yaşatmaq və milli rəmzimiz ətrafında daha sıx birləşmək.

 

Talıb Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini

Şərh yazın