Dövlət Bayrağının fiziki təsviri

Dövlət Bayrağının fiziki təsviri

Dövlət rəmzləri hər bir müstəqil ölkənin siyasi və hüquqi varlığını, milli kimliyini və suverenliyini təcəssüm etdirən mühüm atributlardır. Azərbaycan Respublikasının Dövlət Bayrağı da özünəməxsus quruluşu, rəngləri və üzərindəki rəmzləri ilə xalqımızın dövlətçilik tarixini və milli dəyərlərini ifadə edir.

Azərbaycan Respublikasının Dövlət Bayrağının təsviri Konstitusiyanın 23-cü maddəsi və 2018-ci il noyabrın 2-də qəbul edilmiş Konstitusiya Qanunu ilə müəyyən olunur. Bu hüquqi sənədlər bayrağın formasını, rənglərini, üzərindəki elementləri və onların yerləşmə qaydalarını dəqiq təsbit edir. Dövlət Bayrağımız düzbucaqlı formasındadır və eni bərabər olan üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Mavi rəng türkçülüyü, milli mənsubiyyətimizi və tarixi köklərimizi ifadə edir. Qırmızı rəng müasirliyi, inkişafı və tərəqqini, yaşıl rəng isə islam sivilizasiyasına və milli-mənəvi dəyərlərimizə bağlılığımızı simvolizə edir. Qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz yerləşir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir. Bu elementlər bayrağımızın özünəməxsus görünüşünü tamamlayır və onun tarixi-rəmzi mahiyyətini zənginləşdirir.

Bayrağın hazırlanması və nümayiş etdirilməsi zamanı onun təsdiq olunmuş rənglərinə, ölçülərinə və kompozisiyasına riayət olunması vacibdir. Ölçüsündən asılı olmayaraq, Dövlət Bayrağı müəyyən edilmiş təsvirə uyğun olmalıdır. Bayrağın fiziki təsvirinin qanunla tənzimlənməsi dövlət rəmzlərinə münasibətdə vahid standartın qorunmasına xidmət edir. Bu, həm dövlət atributunun hüquqi statusunu, həm də onun milli əhəmiyyətini təsdiqləyir.

Azərbaycan Bayrağı bu gün ölkəmizin bütün ərazisində, diplomatik nümayəndəliklərimizdə, beynəlxalq təşkilatlarda və müxtəlif tədbirlərdə ucaldılır. Onun görünüşündəki hər bir detal xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini və müstəqillik ideallarını əks etdirir. Üçrəngli bayrağımızın quruluşunu və rəmzi mənasını bilmək hər bir vətəndaşın milli tariximizə münasibətinin göstəricisidir. Çünki bayrağımıza hörmət, ilk növbədə, dövlətimizə və xalqımızın tarixinə hörmətdir.

 

Bəylər Cəfərov – Zərdab rayonu Alıcanlı kənd sakini

Şərh yazın