Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərara dair fikri

Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərara dair fikri

Azərbaycanın dövlət müstəqilliyinin bərpası uzun illər davam edən milli mübarizənin, xalqımızın azadlıq iradəsinin və müdrik dövlətçilik siyasətinin nəticəsi idi. Bu prosesdə Naxçıvan Muxtar Respublikasında qəbul edilən tarixi qərarlar xüsusi əhəmiyyət daşıyır.

1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası Azərbaycan dövlətçilik tarixində mühüm dönüş nöqtəsinə çevrildi. Həmin sessiyada sovet ideologiyasının siyasi təsirinin davam etdiyi bir dövrdə milli dövlətçilik irsinin bərpası istiqamətində cəsarətli qərarlar qəbul edildi. Üçrəngli bayrağımızın yenidən qaldırılması, Naxçıvanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması və Azərbaycan Respublikasının dövlət rəmzlərinin bərpası ilə bağlı təşəbbüslər xalqın milli azadlıq istəyinin siyasi ifadəsi idi.

Ulu Öndər bu qərarların əhəmiyyətini qiymətləndirərkən bildirmişdir: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı”.

Bu fikirlər Naxçıvanda həyata keçirilən siyasi təşəbbüslərin ümumrespublika miqyasında doğurduğu təsiri aydın şəkildə göstərir. Həqiqətən də, həmin qərarlar Azərbaycanın dövlətçilik atributlarının bərpasını sürətləndirdi və müstəqillik prosesinə güclü təkan verdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı dövlət rəmzi kimi qəbul etdi. Bununla da Naxçıvanda başlanmış təşəbbüs Azərbaycanın siyasi həyatında öz təsdiqini tapdı.

Ulu Öndərin rəhbərliyi ilə atılan bu addımlar onun dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və milli maraqlara sadiqliyinin göstəricisi idi. O, ən mürəkkəb şəraitdə belə Azərbaycanın müstəqil gələcəyinə inanır, bu məqsədə xidmət edən konkret siyasi qərarlar qəbul edirdi. Bu gün üçrəngli bayrağımızın müstəqil Azərbaycanın hər yerində dalğalanması həmin tarixi qərarların nə qədər düzgün və uzaqgörən olduğunu təsdiqləyir. Naxçıvanda qəbul edilmiş qərarlar dövlətçilik tariximizin qürurverici səhifəsi kimi daim xatırlanacaqdır.

 

Rafiq Mustafayev – Zərdab rayonu Alıcanlı kənd sakini

Şərh yazın