Ümummilli Lider Heydər Əliyevin tarixi qərarı
Azərbaycanın müstəqillik tarixində elə qərarlar var ki, onların əhəmiyyəti yalnız qəbul edildiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin taleyinə də təsir göstərir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul edilmiş qərarlar, xüsusilə üçrəngli Dövlət Bayrağımızın yenidən qaldırılması belə tarixi hadisələrdəndir. Həmin dövrdə Azərbaycan hələ sovet hakimiyyətinin tərkibində idi. Ölkədə mürəkkəb siyasi proseslər gedir, milli azadlıq hərəkatı genişlənir, xalqımız öz müstəqilliyini bərpa etmək uğrunda mübarizə aparırdı. Belə bir şəraitdə Naxçıvanda qəbul edilən qərarlar böyük siyasi cəsarət və dövlətçilik iradəsi tələb edirdi.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul edildi. Bununla yanaşı, muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması haqqında qərar qəbul olundu.
Bu addım Azərbaycanın dövlət müstəqilliyinə gedən yolda mühüm siyasi hadisə idi. Üçrəngli bayrağın yenidən qaldırılması xalqın tarixi yaddaşına, Cümhuriyyət irsinə və milli dövlətçilik ənənələrinə qayıdışın rəmzinə çevrildi.
Ulu Öndər həmin tarixi hadisəni xatırlayaraq demişdir: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq”. Bu qərar yalnız Naxçıvanın dövlət atributlarının müəyyənləşdirilməsi deyildi. O, bütün Azərbaycanda milli istiqlal düşüncəsinin güclənməsinə, müstəqillik ideyasının siyasi müstəvidə möhkəmlənməsinə ciddi təkan verdi.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı dövlət rəmzi kimi yenidən qəbul etdi. Beləliklə, Naxçıvanda başlanmış tarixi təşəbbüs ümumrespublika səviyyəsində öz təsdiqini tapdı. Bu gün Azərbaycan Bayrağının müstəqil dövlətimizin üzərində qürurla dalğalanması Heydər Əliyevin uzaqgörən siyasətinin və tarixi xidmətlərinin nəticələrindən biridir. Onun dövlətçilik irsi xalqımızın yaddaşında əbədi yaşayır.
Etibar Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini

Şərh yazın