İşğal dövründə dövlətimizin mütləq prioriteti

İşğal dövründə dövlətimizin mütləq prioriteti

Azərbaycanın müstəqillik tarixində ən mühüm strateji məqsədlərdən biri ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi olmuşdur. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal altında qalması dövlətimizin qarşısında son dərəcə mürəkkəb vəzifələr yaratmışdı. Lakin Azərbaycan heç vaxt bu reallıqla barışmadı və torpaqlarımızın azad edilməsini dövlət siyasətinin dəyişməz prioriteti kimi müəyyənləşdirdi.

Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpası olmuşdur. Dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, Azərbaycan öz torpaqlarını heç vaxt unutmayacaq və işğal faktı ilə barışmayacaq. Bu prinsipial mövqe ölkənin bütün siyasi, diplomatik, iqtisadi və hərbi fəaliyyətində öz əksini tapmışdır.

Torpaqlarımızın azad edilməsi məqsədilə ilk növbədə güclü dövlət və güclü iqtisadiyyat qurulmalı idi. Çünki müstəqil siyasət yürütmək, milli maraqları qorumaq və hərbi qüdrəti artırmaq üçün möhkəm iqtisadi təməl zəruri idi. Bu istiqamətdə həyata keçirilən islahatlar, enerji və nəqliyyat layihələri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi Azərbaycanın imkanlarını əhəmiyyətli dərəcədə artırdı.

Eyni zamanda, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz mövqeyini dünya ictimaiyyətinə çatdırdı. BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərlə bağlı qəbul etdiyi qətnamələr, digər beynəlxalq təşkilatların sənədləri Azərbaycanın haqlı mövqeyinin hüquqi əsasını təşkil edirdi.

Bununla yanaşı, Prezident İlham Əliyev ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirirdi. Ordunun müasirləşdirilməsi, hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması, yeni silah və texnikanın alınması dövlət siyasətinin mühüm istiqamətlərindən idi.

Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan dövlətinin uzun illər ərzində apardığı məqsədyönlü siyasətin real nəticəsini ortaya qoydu. Ordumuz 44 gün ərzində tarixi torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazisində suverenliyi tam bərpa olundu.

Illərlə dövlət siyasətinin əsas prioriteti olan məqsəd reallaşdı. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edərək tarixinin yeni mərhələsinə qədəm qoydu. Bu gün Zəfər Günü həmin siyasi iradənin, milli birliyin və qətiyyətli mübarizənin təntənəsi kimi qeyd olunur.

 

Rəsul Abbasov – Zərdab rayonu Alıcanlı kənd sakini

Şərh yazın