Məqsədyönlü və prinsipial siyasət

Məqsədyönlü və prinsipial siyasət

Böyük qələbələr təsadüfən qazanılmır. Onların arxasında illərlə davam edən gərgin əmək, düzgün müəyyənləşdirilmiş strategiya, siyasi iradə və milli məqsədlərə sədaqət dayanır. Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər də məhz belə bir siyasətin məntiqi nəticəsi idi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas məqsədlərindən biri güclü, müstəqil və beynəlxalq aləmdə nüfuzlu Azərbaycan dövlətinin formalaşdırılması idi. Bu strategiyada ordu quruculuğu, iqtisadi inkişaf, diplomatik fəallıq və milli birliyin möhkəmləndirilməsi bir-birini tamamlayan əsas istiqamətlər kimi müəyyənləşdirilmişdi.

Azərbaycan uzun illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə çalışdı. Danışıqlar prosesində ölkəmiz beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünün bərpasını tələb etdi. Lakin qarşı tərəfin qeyri-konstruktiv mövqeyi, işğalın davam etdirilməsi və beynəlxalq vasitəçilik mexanizmlərinin nəticəsizliyi Azərbaycanın səbir və diplomatik səylərinin qarşılığını vermədi. Bununla paralel olaraq, ölkəmiz hərbi potensialını gücləndirirdi. Silahlı Qüvvələrin döyüş hazırlığı artırılır, müasir texnologiyalar tətbiq olunur, hərbi qulluqçuların peşəkarlığı yüksəldilirdi. Azərbaycan öz iqtisadi imkanlarını artırmaqla ordunun maddi-texniki təminatını da möhkəmləndirirdi.

Prezident İlham Əliyevin siyasətinin mühüm xüsusiyyəti bütün sahələrdə ardıcıllığın qorunması idi. İqtisadiyyatın inkişafı hərbi qüdrətin yüksəlməsinə, beynəlxalq əlaqələrin genişlənməsi siyasi mövqelərin möhkəmlənməsinə, milli birliyin güclənməsi isə xalq-ordu birliyinin daha da möhkəmlənməsinə xidmət edirdi.

2020-ci il Vətən müharibəsi bu strategiyanın nə qədər düzgün olduğunu nümayiş etdirdi. Azərbaycan Ordusu müasir döyüş üsullarından, yüksək texnologiyalardan və peşəkar hərbi hazırlıqdan istifadə edərək düşmənin müdafiə sistemini darmadağın etdi. 44 günlük müharibə Azərbaycanın siyasi iradəsinin və hərbi qüdrətinin təntənəsinə çevrildi. Bu gün Zəfərimizin arxasında dayanan əsas amillərdən biri məhz uzun illər ərzində həyata keçirilmiş məqsədyönlü və prinsipial siyasətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilmiş strateji hədəf xalqımızın iradəsi və Ordumuzun qəhrəmanlığı sayəsində gerçəkləşdi.

 

Etibar Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini

Şərh yazın