Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır

 

Azərbaycan və Özbəkistan arasında münasibətlər tarixi köklərə, ortaq milli-mənəvi dəyərlərə və xalqlarımız arasında əsrlər boyu formalaşmış qarşılıqlı hörmət və rəğbətə əsaslanır. Hər iki xalqı birləşdirən ümumi tarix, zəngin mədəni irs, dil və mənəvi yaxınlıq bu münasibətlərin möhkəm təməlini təşkil edir. Tarixin müxtəlif mərhələlərində Azərbaycan və özbək xalqları bir-birinin sevincinə və kədərinə şərik olmuş, milli-mədəni dəyərlərini qoruyub saxlamış və gələcək nəsillərə ötürmüşlər.

Bu gün Azərbaycan-Özbəkistan münasibətləri yalnız dostluq və qardaşlıq əlaqələri ilə məhdudlaşmır. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlıq sürətlə inkişaf edərək strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Dövlətlərarası münasibətlərin bu yüksək mərhələyə çatması xalqlarımız arasında mövcud olan qarşılıqlı rəğbətin və dövlət başçıları arasında formalaşmış səmimi münasibətlərin məntiqi nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Miromonoviç Mirziyoyev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm rol oynayır. Dövlət başçılarının siyasi iradəsi və qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan-Özbəkistan əlaqələri yeni məzmun qazanıb. Qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və imzalanan mühüm sənədlər iki ölkənin bir-birinə olan etimadını daha da möhkəmləndirib.

Azərbaycan və Özbəkistanı birləşdirən əsas amillərdən biri də ortaq türk dünyasının ayrılmaz hissəsi olmalarıdır. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir və türk dövlətləri arasında birlik və həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr verir. Azərbaycan və Özbəkistanın beynəlxalq və regional məsələlərdə bir-birinin mövqeyini dəstəkləməsi də münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. İki ölkə arasında iqtisadi əməkdaşlıq da son illərdə nəzərəçarpacaq dərəcədə genişlənib. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, sənaye kooperasiyası, nəqliyyat və logistika sahələrində birgə layihələrin həyata keçirilməsi Azərbaycan və Özbəkistanın iqtisadi potensialının daha səmərəli şəkildə birləşdirilməsinə imkan yaradır. Azərbaycanın əlverişli coğrafi mövqeyi və mühüm nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi, Özbəkistanın isə Mərkəzi Asiyanın aparıcı iqtisadi mərkəzlərindən biri olması qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar açır.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Orta Dəhlizin inkişafı Azərbaycan və Özbəkistan üçün yeni iqtisadi imkanlar yaradır. Bu marşrut Asiya ilə Avropanı birləşdirən mühüm nəqliyyat arteriyasına çevrilməkdədir. Azərbaycanın nəqliyyat infrastrukturu və Xəzər dənizi üzərindən tranzit imkanları Özbəkistanın dünya bazarlarına çıxışının genişləndirilməsinə xidmət edə bilər. Belə əməkdaşlıq yalnız iki ölkənin iqtisadi maraqlarına deyil, bütövlükdə regionun nəqliyyat və logistika potensialının artmasına töhfə verir.

Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri də humanitar və mədəni əməkdaşlıqdır. Xalqlarımızın zəngin ədəbi və mədəni irsi bu sahədə əməkdaşlıq üçün geniş imkanlar yaradır. Azərbaycan və özbək ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin qarşılıqlı tərcüməsi, mədəniyyət günlərinin keçirilməsi, incəsənət kollektivlərinin qarşılıqlı səfərləri və müxtəlif humanitar layihələr xalqlarımızın bir-birini daha yaxından tanımasına şərait yaradır.

Təhsil sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistan gənclərinin müxtəlif təhsil proqramları və mübadilə layihələri çərçivəsində bir araya gəlməsi gələcək nəsillər arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Çünki xalqlar arasında dostluğun və qardaşlığın davamlı olması üçün ən mühüm amillərdən biri gənclərin bir-birinin tarixini, mədəniyyətini və milli dəyərlərini yaxından tanımasıdır.

Azərbaycan və Özbəkistan arasında münasibətlərdə Qarabağ məsələsi və Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən quruculuq işləri də xüsusi yer tutur. Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək və Qarabağda həyata keçirilən bərpa-quruculuq prosesində iştirakı iki ölkə arasında qardaşlığın praktik ifadəsidir. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəbin inşa edilməsi xalqlarımız arasında dostluğun və həmrəyliyin mühüm nümunələrindən biridir. Bu cür layihələr iki ölkə arasındakı münasibətlərin yalnız siyasi səviyyədə deyil, insanların həyatında da öz əksini tapdığını göstərir.

Azərbaycan da öz növbəsində Özbəkistanın inkişafını və regionda həyata keçirdiyi mühüm layihələri diqqətlə izləyir və bu ölkə ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Özbəkistanın iqtisadi və sosial inkişafı, regional əməkdaşlığın gücləndirilməsi istiqamətində atdığı addımlar Mərkəzi Asiyada sabitliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verir.

Azərbaycan və Özbəkistanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da diqqətəlayiqdir. İki ölkə bir çox məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirir, regional və qlobal təhlükəsizlik, iqtisadi inkişaf, nəqliyyat, enerji və humanitar məsələlər üzrə mövqelərini yaxınlaşdırırlar. Bu əməkdaşlıq Azərbaycan və Özbəkistanın beynəlxalq arenada bir-birinə etibarlı tərəfdaş kimi yanaşdığını nümayiş etdirir.

Bu gün Azərbaycan-Özbəkistan münasibətləri türk dünyasında qardaşlıq və həmrəyliyin ən parlaq nümunələrindən biridir. Dövlətlərimizin qarşılıqlı etimad və strateji baxış əsasında hərəkət etməsi gələcəkdə əməkdaşlığın daha geniş sahələri əhatə edəcəyinə əminlik yaradır. Qarşılıqlı ticarətin artırılması, yeni investisiya layihələrinin reallaşdırılması, nəqliyyat əlaqələrinin genişləndirilməsi, mədəni-humanitar münasibətlərin inkişaf etdirilməsi və gənclər arasında əlaqələrin möhkəmləndirilməsi iki ölkənin ümumi potensialını daha da artıracaq.

Azərbaycan və Özbəkistanı birləşdirən münasibətlərin ən böyük üstünlüyü onun yalnız siyasi və iqtisadi maraqlara deyil, dərin tarixi və mənəvi bağlara söykənməsidir. Xalqlarımızın bir-birinə olan səmimi münasibəti dövlətlərarası əlaqələrin möhkəmliyini təmin edən əsas amillərdəndir. Bu baxımdan Prezident cənab İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin şəxsi dostluğu və qarşılıqlı etimadı xüsusi əhəmiyyət daşıyır. Liderlərin qətiyyətli siyasəti iki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərini daha da gücləndirir və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.

 

Zərdab şəhər sakini Cavid Məmmədov

Şərh yazın