Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır

Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır.

 

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” yalnız siyasi və təhlükəsizlik sahəsində deyil, həm də iqtisadi gücün artırılması baxımından strateji əhəmiyyətə malik sənəd kimi çıxış edir. Bu bəyannamə iki ölkə arasında iqtisadi inteqrasiyanı dərinləşdirərək, regional və qlobal iqtisadi sistemdə onların mövqeyini gücləndirən çoxşaxəli əməkdaşlıq platforması formalaşdırmışdır. Sənədin mahiyyəti iqtisadi əlaqələrin daha sistemli, koordinasiyalı və uzunmüddətli strateji əsaslar üzərində inkişaf etdirilməsini təmin etməkdən ibarətdir. İlk növbədə, bəyannamə Azərbaycan və Türkiyə arasında mövcud olan iqtisadi əlaqələrin hüquqi-siyasi çərçivəsini daha da möhkəmləndirmişdir. Bu çərçivə qarşılıqlı investisiyaların artırılmasına, ticarət dövriyyəsinin genişlənməsinə və iqtisadi layihələrin birgə həyata keçirilməsinə şərait yaradır. İki ölkə arasında illər ərzində formalaşmış iqtisadi əməkdaşlıq artıq yalnız ikitərəfli ticarət münasibətləri ilə məhdudlaşmır, həm də regional və beynəlxalq iqtisadi layihələrdə ortaq iştirakla xarakterizə olunur. Enerji sektoru bu iqtisadi güclənmənin əsas dayaqlarından biridir. Azərbaycan neft və qaz resurslarının dünya bazarlarına çıxarılmasında Türkiyə mühüm tranzit ölkə kimi çıxış edir. Bakı–Tbilisi–Ceyhan neft kəməri Xəzər regionundan Aralıq dənizinə qədər uzanaraq enerji təhlükəsizliyinin təmin olunmasında strateji rol oynayır. Eyni zamanda, TANAP qaz kəməri Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqlini təmin edərək ölkənin enerji ixrac imkanlarını genişləndirir və Türkiyənin enerji mərkəzi statusunu gücləndirir. Bu layihələr hər iki ölkənin iqtisadi gəlirlərini artırmaqla yanaşı, onların beynəlxalq enerji bazarlarında mövqeyini daha da möhkəmləndirir. Nəqliyyat və logistika sahəsində həyata keçirilən strateji layihələr də iqtisadi güdrətin artmasında mühüm rol oynayır. Bakı–Tbilisi–Qars dəmir yolu Avropa və Asiya arasında yeni ticarət marşrutu yaradaraq yükdaşımaların sürətini və səmərəliliyini artırmışdır. Bu dəmir yolu layihəsi Azərbaycanın və Türkiyənin tranzit potensialını yüksəldərək, onları beynəlxalq ticarət dəhlizlərinin əsas iştirakçılarına çevirmişdir. Eyni zamanda, Orta Dəhliz təşəbbüsü çərçivəsində iki ölkənin rolu daha da artmış, Şərq-Qərb ticarət axınlarının mühüm hissəsi bu marşrut üzərindən həyata keçirilməyə başlamışdır. İqtisadi əməkdaşlığın digər mühüm istiqaməti qarşılıqlı investisiyaların genişlənməsidir. Türkiyə şirkətləri Azərbaycanda neft-kimya, tikinti, kənd təsərrüfatı və xidmət sektorlarında geniş fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan sərmayələri Türkiyədə enerji, sənaye və turizm sahələrində artan dinamika ilə təmsil olunur. SOCAR-ın Türkiyədə həyata keçirdiyi investisiya layihələri, xüsusilə İzmir STAR neft emalı zavodu, iki ölkə arasında iqtisadi inteqrasiyanın real göstəricilərindən biridir və regional iqtisadi gücün artmasına ciddi töhfə verir. Bəyannamə həmçinin sənaye, texnologiya və müdafiə sənayesi sahələrində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Bu sahələrdə birgə layihələr iqtisadi diversifikasiyanı gücləndirir, yüksək texnologiyaların transferinə şərait yaradır və yerli istehsal potensialını artırır. Xüsusilə müdafiə sənayesində birgə istehsal və texnologiya mübadiləsi həm iqtisadi, həm də strateji baxımdan əlavə dəyər yaradır. Turizm və xidmət sektoru da iqtisadi güdrətin artırılmasında mühüm rol oynayır. İki ölkə arasında viza rejiminin sadələşdirilməsi, mədəni və turistik layihələrin genişləndirilməsi turist axınının artmasına səbəb olmuşdur. Bu isə xidmət sektorunda gəlirlərin yüksəlməsinə və yerli iqtisadiyyatların şaxələnməsinə şərait yaradır. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin iqtisadi güdrətinin artırılmasında strateji dönüş nöqtəsi kimi çıxış edir. Enerji, nəqliyyat, ticarət, investisiya, sənaye və xidmət sahələrini əhatə edən bu əməkdaşlıq modeli hər iki ölkənin iqtisadi dayanıqlığını gücləndirir, onların regional və qlobal iqtisadi sistemdə rolunu artırır. Bu sənəd iqtisadi inteqrasiyanı dərinləşdirərək Azərbaycan-Türkiyə birliyini təkcə siyasi deyil, həm də güclü iqtisadi mərkəzə çevirən mühüm strateji baza formalaşdırır.

 

Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi  Kərimova Ülviyyə Mayis qızı.

Şərh yazın